“Kabildə razılaşdırılmış yeni hökumət olmayana və hazırkı Prezident Əşrəf Qani getməyənə qədər Əfqanıstanda sülh olmayacaq”.
Unikal.org-un xəbərinə görə, bu barədə “Taliban”ın sözçüsü və Əfqanıstan hökuməti ilə dialoqda iştirak edən nümayəndə heyətinin üzvü Suhail Şahin “Associated Press”ə müsahibəsində deyib.
O bildirib ki, Kabildə qarşıdurma tərəfləri üçün qəbul edilə bilən razılaşdırılmış hökumət qurulduqda və Ə. Qani hökuməti getdikdə “Taliban” silahı yerə qoyacaq: “Mən aydın şəkildə demək istəyirəm ki, biz hakimiyyətin inhisara alınmasına inanmırıq, çünki Əfqanıstanda keçmişdə hakimiyyəti inhisara almağa çalışan heç bir hökumət uğurlu ola bilmədi. Buna görə də eyni formulu təkrarlamaq istəmirik”.
Danışıqları yaxşı başlanğıc adlandıran “Taliban” sözçüsü qeyd edib ki, hökumət barışıq istəmir: “Onlar bizim təslim olmağımızı istəyirlər. Hər hansı atəşkəsdən əvvəl bizim üçün və digər əfqanlar üçün məqbul olan yeni bir hökumət barədə razılaşma olmalıdır. Sonra müharibə olmayacaq”.