Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirinə yekun vurulub.
"Unikal" xəbər verir ki, sonuncu yarış günündə bilts növündə 7 tur oynanılıb.
Rapid və blitsdəki yekun nəticələrə əsasən, ABŞ təmsilçisi Fabiano Karuana və macarıstanlı Riçard Rapport eyni - 24 xal topladığından birinci yerin sahibini müəyyənləşdirmək üçün şahmatçılar öz aralarında armageddon oynayıblar. Rəqibini məğlub edən Karuana turnirin qalibi olub.
Azərbaycan qrossmeysterlərindən Şəhriyar Məmmədyarov 22,5 xalla turniri 3-cü pillədə tamamlayıb. Rauf Məmmədov (15,5 xal) 5-ci, Vüqar Əsədli (10 xal) isə 7-ci yerlə kifayətlənib.