Həftələrlə Rusiyanın mühasirəsində olan Mariupolda döyüşən ukraynalı komandir "Facebook" hesabında yerləşdirdiyi videoda dünyanı köməyə çağırıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, videoda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna lideri Vladimir Zelenski, ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Boris Consonu etiketləyən 36-cı briqada komandiri Sergiy Volina “Bu, son günlərimiz, hətta son saatlarımız ola bilər” deyib.
Mariupoldakı “Azovstal” metallurgiya zavoduna sığındıqlarını izah edən ukraynalı komandir Rusiya ordusunun hər cəhətdən onlardan qat-qat üstün olduğunu qeyd edib. Volina çoxlu Ukrayna əsgərinin yaralandığını və onların arasında mülki şəxslərin də olduğunu bildirib.
"Biz bütün dünya liderlərindən kömək istəyirik. Onlardan dəstək gözləyirik", - deyə ukraynalı komandir dünyaya səslənib.
Qeyd edək ki, ötən gecə Rusiya Mariupolda Ukrayna əsgərlərini silahı yerə qoymağa və təslim olmağa çağırıb.
“Biz bir daha Kiyev administrasiyasını sağlam düşüncə nümayiş etdirməyə və yaraqlılara mənasız müqavimətə son qoymağa və humanitar dəhlizdən çıxmağa göstəriş verməyə çağırırıq”, - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Paytaxt Kiyevdən çəkilərək qüvvələrini qismən Ukraynanın şərqində separatçıların nəzarətində olan Donbasda cəmləşdirən Rusiya dünən Donbasa böyük hücuma keçib.
Regionda yerləşən Mariupol şəhəri Rusiya üçün böyük strateji əhəmiyyətə malikdir. Rusiya şəhəri ələ keçirsə, o, nəinki Azov dənizinə tam nəzarəti təmin edəcək, həm də 2014-cü ildə ilhaq etdiyi Krımı şərqdə Moskvanın dəstəklədiyi separatçı qüvvələrin nəzarətində olan Donbasla birləşdirəcək.
Gülayə Mecid