Ermənistan və Rusiyanın baş nazirləri Nikol Paşinyan və Mixail Mişustin Minskdə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətindən məlumat verilib. Görüş bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi və Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin 25 illiyi münasibətilə baş tutub.
Rusiyanın baş naziri Mixail Mişustin Ermənistan iqtisadiyyatında Rusiya kapitalının həcmi 2 milyard dollardan çox olduğunu və rusiyalı investorların Ermənistana investisiyalarını genişləndirməsinin vacib olduğunu bildirib.
Onun sözlərinə görə, hökumətin müvafiq qərarı ilə Ermənistan Respublikası vətəndaşlarının quru yolu ilə Rusiyaya girişinə qoyulan bütün məhdudiyyətlər aradan qaldırılıb:
"Biz gözləyirik ki, yaxın gələcəkdə turist səfərlərinin axını bərpa olunacaq və hətta artacaq. Məncə, bu, Ermənistan və Rusiya əhalisi üçün çox vacibdir. Biz həmçinin Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında razılaşmaya uyğun olaraq Cənubi Qafqazda nəqliyyat və iqtisadi infrastrukturun blokdan çıxarılmasına xüsusi diqqət yetiririk. Baş nazirin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində əməli işlər aparılır. Onun növbəti iclası Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində keçirilib"-deyə Mişustin bildirib.
Daha sonra Ermənistan baş naziri Nikol Paşinyan regional infrastrukturların açılmasının, bütün regionun blokadadan çıxarılmasının çox vacib olduğunu bildirib:
"Ümid edirəm ki, görülən işlər konkret qərarların qəbulu ilə nəticələnəcək, çünki regionun iqtisadi və nəqliyyat infrastrukturunun açılması bütün region ölkələri üçün vacibdir. İndiki şəraitdə bu, xüsusi əhəmiyyət kəsb edir"-deyə Ermənistan baş naziri bildirib.
Gültəkin Ələsgər