"Zəngilanlıların doğma torpağına qayıtmaları tarixi hadisədir".
"Unikal" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.
"Bu il Ağalı kəndində həyat artıq bərpa edilib. Birinci layihə icra edilmişdir və zəngilanlılar öz doğma torpağına qayıtmışlar", - deyən dövlət başçısı qeyd edib: “Çünki müharibədən iki il keçmədən – cəmi ilyarımdan sonra biz artıq birinci keçmiş köçkünləri öz doğma torpaqlarına qaytarmışıq, onlar üçün gözəl şərait yaratmışıq. Bu, bir daha onu göstərir ki, dövlətimiz güclüdür və iradəmiz yerindədir. Eyni zamanda, bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bizim vətəndaşlarımız öz dədə-baba torpaqlarına bağlıdır, necə deyərlər, torpaq çəkir. Hətta heç vaxt o yerləri görməyən gənclər, uşaqlar, məktəblilər böyük həvəslə Ağalıya qayıdırlar və bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, məcburi köçkünlər qayıdış gününü səbirsizliklə gözləyirlər”.