Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşü olub.
"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev Xorvatiya Baş nazirini Azərbaycana səfərə dəvət edib.
Dəvət minnətdarlıqla qəbul olunub.
Söhbət zamanı minaların təmizlənməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Xorvatiyanın da minalardan əziyyət çəkən ölkə kimi minatəmizləmə sahəsində təcrübəyə malik olduğu bildirilib.
Dövlətimizin başçısı otuz illik işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində çoxlu sayda mina basdırdığı və 2020-ci il noyabrın 10-dan - hərbi əməliyyatların başa çatmasından bu günəddək 300-ə yaxın Azərbaycan vətəndaşının mina hadisələri nəticəsində həlak olduğu və ya yaralandığı qeyd edildi. Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin xətti ilə genişmiqyaslı minatəmizləmə əməliyyatlarının həyata keçirildiyi bildirildi. Xorvatiya ilə bu sahədə əməkdaşlığın mövcud olduğu, həmçinin Xorvatiya şirkətlərindən bununla bağlı müxtəlif avadanlıqların alındığı vurğulandı. Minatəmizləmə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd edildi.
Söhbət zamanı enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə olundu. Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsindəki strateji tərəfdaşlığı vurğulandı. Hazırda ölkəmizin Avropanın enerji bazarına əlavə qaz həcmləri çıxarması istiqamətində fəaliyyətini davam etdirdiyi bildirildi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.