Milli Məclisin Əmək və sosial siyasət komitəsinin deputatı Vüqar Bayramov himayədar ailəyə götürdükləri qız uşaqları üçün daha çox müavinət verilməsini təklif edib.

"Unikal" xəbər verir ki, deputat bu fikrini bəzi ölkələrdə gender yanaşmasının olması ilə əlaqələndirib. V.Bayramov digər ölkələrin təcrübəsindən çıxış edərək bildirib ki, orada qız uşaqlarını himayəyə götürən ailəyə daha çox ödəniş edilir: "Məqsəd də ailələrin daha çox qız uşaqlarının himayəyə götürülməsidir. Bizdə də gender yanaşmasının tətbiqi vacibdir. İnkişaf etmiş ölkələrdə də himayədar ailələrlə bağlı müavinətlər müəyyənləşdirilən zaman gender yanaşması olub. Müavinətin məbləğinin müəyyənləşdiirilməsi ilə bağlı da mexanizmin hazırlanmasına ehtiyac var. Xərclərin hesablanması mütləqdir ki, uşaq himayəyə götürüldükdən sonra bu, diskrimnativ münasibətin formalaşmasına gətirib çıxarmasın”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli deputatın təklifinə cavab olaraq qeyd edib ki, qız uşaqlarının gender üstünlüyü məsələsinə gəldikdə, burada diskriminasiyaya yol vermiş olarıq:

“Belə ki, Azərbaycanda fəaliyyət göstərən 24 müəssisədə valideyn himayəsindən məhrum olmuş 1559 uşaq var. Onların 1000 nəfərə yaxını oğlandır. Biz qızlara xüsusi yanaşma tətbiq etsək, oğlanlara qarşı ayrıseçkilik etmiş olarıq. Himayədar ailə institutu işə düşdükdən sonra bu məsələyə baxa bilərik. Əgər tələb olarsa, o zaman qız uşaqları üçün stimullaşdırıcı müavinətlərin tətbiq edilməsi məsələsini sonrakı mərhələdə müzakirə edə bilərik”.

Nazir müavini həmçinin əlavə edib ki, əlil uşaqlara görə himayədar ailələrə veriləcək birdəfələlik müavinətlər sağlam uşaqlara veriləcək vəsaitdən fərqlənəcək, yəni əlil uşaqlara veriləcək müavinətlər daha çox olacaq.

Anar Kəlbiyev