2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olan Nikki Heyli Ukraynanın müharibəni uduzmasının dünya müharibəsinə səbəb ola biləcəyini açıqlayıb.

"Unikal" xəbər verir ki, Heylinin sözlərinə görə, Ukraynaya pul yardımı və ya qoşun göndərməklə deyil, avadanlıq və təchizat verməklə kömək etmək lazımdır. 

Rusiya -Ukrayna müharibəsində Ukraynaya verilən dəstəyin əhəmiyyətini vurğulayan Heyli, "Bu (müharibə) Ukraynadan daha böyükdür. Bu, azadlıq savaşıdır və qalib gəlməli olduğumuz bir müharibədir" -deyə bildirib.

"Çin Honq-Konqu alacağını dedi və aldı. Rusiya Ukraynanı işğal edəcəyini söylədi, biz də bunu izlədik. Çin deyir ki, sırada Tayvan dayanır və biz onlara daha yaxşı inanırıq. Rusiya "Növbəti Polşa və Baltikyanı ölkələrdir" deyir".

Belə ki, Ukraynanın qələbəsinin Çin, İran və Şimali Koreya kimi ölkələrə lazımi mesajı verəcəyini söyləyən Heyli, "Rusiya geri çəkilsə, müharibə bir gündə bitəcək. Ukrayna geri çəkilsə, o zaman hamımız dünya müharibəsini seyr etmiş olacağıq. "

Heyli həmçinin qeyd edib ki, Baydenin Ukraynada müharibənin qarşısını almaq üçün bir ili var idi və o, bunu etmədi.