Müxalifət 8 apreldə nəyə nail olacaq?
02:54 07-04-2012
CƏMİYYƏT
Müxalifət 8 apreldə nəyə nail olacaq?
İctimai Palatanın mitinqinə onminlərin qatılacağını düşünənlər bazar günü yanılmasalar yaxşıdır
Müxalifətin birliklərindən biri olan İctimai Palata 8 apreldə aksiya keçirməyə hazırlaşır. Bununla bağlı artıq geniş təbliğata başlayan İP şəhərdə çağırış vərəqələri yaymaq kimi vasitələrdən də yararlanır. Bu aksiyanın necə olacağı isə sual altındadır. Çünki gələn xəbərlər və müşahidə olunan durum bir qədər fərqli aspektlərdən yanaşmanı tələb edir.
Qeyd edək ki, müxalifət 8 apreldə keçiriləcək icazəli aksiyaya on minlərlə insan çıxaracağını iddia edir. Bu qədər insanı necə və hansı şəkildə meydana gətirəcəyini isə əsaslandırmır. Əsas arqumentləri isə budur ki, əhali hakimiyyətdən narazıdır və bu səbəbdən də onlara qoşulacaqlar.
Təbii ki, bu gün ölkədə siyasi vəziyyət üzdə sabit görünsə də, arxa planda durum tamam fərqlidir. Quba olaylarından sonra yaranmış situasiya isə hakimiyyət üçün əsl dərs kimi qiymətləndirilə bilər. Lakin bütün bunlar heç də onu deməyə əsas vermir ki, narazı kütlələr müxalifəti dəstəkləyir. Hətta bunu iddia etmək üçün yetərli qədər əsas da yoxdur. Yəni, artıq neçə illərdir siyasi səhnədə olan müxalifət funksionerləri indiyə qədər tutarlı addımlar atmamaqla yanaşı, özləri haqqında mənfi rəy də formalaşdırıblar. Bu gün böyük əksəriyyətdə o fikir var ki, müxalifət düşərgəsinin rəhbərləri gizli şəkildə hakimiyyətlə anlaşıblar və keçirilən aksiyalar da görüntü xarakteri daşıyır.
Bütün bunlarla yanaşı, müxalifətin daxilində də vəziyyət sabit deyil. AXCP və Müsavat arasında illərdən bəri davam edən "soyuq müharibə" əslində, bu gün də özünü göstərir. Elə aparılan təbliğatdan da məlum olur ki, tərəflər maksimum özlərini qabağa verir və missiyanın onun üzərində olduğunu nümayiş etdirməyə çalışır. Qəribə hal odur ki, bu prosesdə cəbhəçilər daha çox diqqəti çəkirlər. Onların hərəkətləri belədir ki, vaxtaşırı Müsavatı gözdən salaraq, özlərinin birinci olduğunu göstərmək istəyirlər. İllərdən bəri davam edən bu qarşıdurmanın indiki məqamda da özünü qabarıq şəkildə göstərməsi yaxşı hal deyil və bu, düşərgəyə müsbət xal gətirən amil sayılmır.
İşin bir digər tərəfi də odur ki, Azərbaycanda formalaşmış ümumi fikir insanların aksiyalara qatılmasından daha çox, onu kənardan izləməyə yönəlib. Elə buna görədir ki, dəfələrlə aksiya keçirən müxalifət əhalidən dəstək görməyib. Və yekunda bəyan edib ki, əhalinin öz taleyinə bu qədər biganə qalmasının əziyyətini çəkir. Əslində isə xalqla öz arasında uçurum yaradan müxalifət belə bir iddia irəli sürməməlidir. Çünki bu illər ərzində xalqın içinə çıxaraq, onlarla görüş keçirmək əvəzinə, daha çox kabinetlərindəki rahatlıqlarına diqqət yetirən müxalifət liderləri zamanında bunu anlamalıydılar. İş işdən keçdikdən sonra belə bir iddia və ittihamla çıxış etmək sadəcə, yanlışlıq olardı.
Əslində, müxalifətin siyasi taktikasında da kifayət qədər boşluqlar var. Birinci boşluq əhali ilə işləmək qabiliyyətinin aşağı olmasıdır. Daha doğrusu, təbliğat işlərində istifadə olunan bəsit nümunələr insanların diqqətini o qədər də çəkmir. Digər tərəfdən, düşərgənin aparıcı fiqurlarının geniş miqyasda nüfuz sahibi olmaları üçün addımlar ata bilməmələridir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, 20 illik oturuşmuş sistemi dəyişmək gücündə olmayan müxalifət gənclərin önə çıxmasına da imkan yaratmır. Bu gün heç bir partiyada gəncləşmə siyasəti həyata keçirilmir. Gənclər yalnız mitinqlərdə öndə getmək və sutkalıq həbs olunmaq üçün nəzərdə tutulmuş "cərimə batalyonlarını" xatırladır. Halbuki dünya təcrübəsindən də bəllidir ki, istənilən partiya inkişaf etmək və güclənmək üçün hökmən gənclərə geniş yer verməlidir.
Azərbaycan müxalifətində yaranmış bu qısqanclığın səbəbləri isə məlumdur. Birinci səbəb odur ki, hər bir partiya sədri özü haqqında "əvəzolunmaz" mifi formalaşdırıb. İstər Əli Kərimli, istərsə də İsa Qəmbər "toxunulmazlıq" və ya "müqəddəslik" titullarına sahibdirlər. Bunun da başlıca səbəbi odur ki, kimsə onları postlarından etməsinlər.
İkincisi isə partiya sədrlərinin postlarını itirə biləcəklərindən qorxmasıdır. Yəni, gənclər önə çıxarsa və avanqard qüvvə kimi çıxış edərlərsə, o zaman onların siyasi karyerasının sonu çata bilər. Xüsusən də indiki aktiv və daha çox oyanıq gənclik qarşısında duruş gətirmək çətin məsələ hesab olunur. Belə olan təqdirdə, təbii ki, onların önə çıxması və postlara sahib olmaları mümkünsüzdür.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 10:48:19
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34