"Azərbaycanın qeyri-neft ixracatı artım tempini qoruyub saxlayıb. Belə ki, bu ilin ilk 8 ayında qeyri-neft ixracatı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 17.8 faiz artaraq 2 milyard dollardan çox olub".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, qeyri-neft ixrac dəyərində Rusiya 32 faizlə ilk sırada olsa da, bu mövsümi olaraq şimal qonşumuza daha çox kənd təsərrüfatı məhsulları ixrac etməyimizlə bağlıdır:
"Qeyri-neft ixracatımızda 27.7 faizlə ikinci ən böyük tərəfdaşımız olan qardaş Türkiyənin növbəti aylarda payının daha da artacağı gözlənilir. Bütövlükdə, növbəti dövrlərdə qeyri-neft ixracatında Türkiyənin Azərbaycanın əsas tərəfdaşı olacağı gözlənilir. Gürcüstan qeyri-neft ixracat məhsullarımızın 9.9, İsveçrə 4.1, Qazaxıstan isə 3.3 faizini alır.
Bu müddətdə ümumi ixracatın həcmi 16 milyard 776 milyon dollar olub. Göründüyü kimi, qeyri-neft ixracatının həcminin artmasına baxmayaraq, ümumi ixracatda payı hələ də yüksək deyil. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatların daha da dərinləşdirilməsi prioritetliyini qoruyub saxlamaqdadır".
Seymur Əli