Prezident İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı bu regionun (Mərkəzi Asiya – red.) ölkələri ilə Azərbaycanın əməkdaşlığı barədə danışıb.
"Unikal" xəbər verir ki, ikitərəfli əməkdaşlığın mühüm meyarlarından birinin qarşılıqlı ticarətin və sərmayələrin artımı olduğunu söyləyən dövlətimizin başçısı həmin iki istiqamət üzrə göstəricilərin davamlı artdığını söyləyib.
“Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük”, - deyə Azərbaycan Prezidenti qeyd edib.