Sentyabrın 15-də Qazax Rayon İcra Hakimiyyətinin, Aqrar Sığorta Fondunun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının və Qazax KOB dostun birgə təşkilatçılığı ilə sahibkarlar üçün “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta”, “Qeyri-formal məşğulluğun aradan qaldırılması”, “Kiçik və orta biznesin inkişafına dövlət dəstəyi” mövzularında tədbir keçirilib.
"Unikal" xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq qonaqları və iştirakçıları salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən danışıb. İcra başçısı Aqrar Sığorta Fondunun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının və Qazax KOB dostun fəaliyyətindən geniş bəhs edərək bütün işlərin arxasında dövlət tərəfindən sahibkarlara göstərilən qayğının dayandığını bildirib. Sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışan icra başçısı ölkəmizdə, bölgələrimizdə mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin genişlənməsi, yeni bizneslərin yaranması üçün sahibkarlara hər zaman böyük qayğı, dəstək göstərildiyini vurğulayıb. Ulu Öndər Heydər Əliyev tərəfindən sahibkarlara göstərilən qayğının ölkə Prezidenti İlham Əliyev tərəfindən bu gün də davam etdirildiyini, ölkə rəhbəri olaraq hər zaman sahibkarların yanında olduğunu vurğulayıb.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətini diqqətə çatdırıb. E.Nəsibov qeyd edib ki, bu gün bütün dünyada ən aktual problemlərdən biri qeyri-rəsmi məşğulluqdur. 2023-cü il ərzində “Özünüməşğulluq” layihəsində işsiz və işaxtaran vətəndaşların iştirakı üçün Qazax rayonu üzrə 284 yer ayrılmış, ondan 235 yer kənd təsərrüfatı üzrə, 49 yer isə xidmət sahəsi üzrə nəzərdə tutulmuşdur. Filiala Qazax rayonu üzrə “Özünüməşğulluq” layihəsində iştirak etmək üçün 2146 nəfər işsiz və işaxtaran vətəndaş müraciət etmişdir. Bunlardan 1737 nəfəri kənd təsərrüfatı üzrə, 409 nəfəri isə xidmət sahəsi üzrə müraciət etmişdir. 2023-cü ilin 6 ayı ərzində Qazax rayonu üzrə özünüməşğulluq proqramı çərçivəsində 262 nəfər təlimlərə cəlb edilib. E.Nəsibov qeyd edib ki, Məşğulluq filialı Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi ilə birlikdə rayonumuzda qeyri-leqal məşğulluğun qarşısının alınması istiqamətində səylərini davam etdirəcək və işçilərin hüquqlarının qorunması üçün işəgötürənlərlə mütəmadi olaraq maarifləndirici tədbirlər keçirəcəkdir.
Qazax KOB dostun rəhbəri Elnur Pənahov çıxış edərək KOB dostunun fəaliyyət istiqamətləri barədə məlumat verib. E.Pənahov 1 aylıq fəaliyyət müddəti ərzində Qazax KOB dostu olaraq Qazax rayonunda fəaliyyət göstərən sahibkarların müracətlərinin dinlənildiyini, müraciət edən sahibkarların bəziləri ilə ofis şəraitində, bəziləri ilə isə səyyar şəraitdə görüşlər keçirildiyini bildirib. Sahibkarlardan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi olaraq Qazax KOB dostu ilə sıx əlaqədə olmalarını tövsiyə edib.
Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov çıxış edərək keçirilən tədbirin fermerlər və sahibkarlar üçün mühüm bir tədbir olduğunu bildirib. H.Pənahov dövlətin aqrar sahənin inkişafı üçün öz dəstəyini əsirgəmədiyini, istər əkinçilik, istərsə də heyvandarlıqda fermerlərə subsidiyaların verilməsini, sahibkarlara göstərilən qayğını qeyd edərək bugünkü tədbirin də bu məqsədə xidmət etdiyini bildirib. Sahibkarları tədbirdə aqrar sığorta, əkinçilik və heyvandarlıq sahəsində sığortalanma barədə səslənən fikirlərdən yararlanmağa çağırıb.
“Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” MMC-nin direktoru Natiq Məmmədov çıxış edərək sahibkarlar olaraq hər zaman onlar üçün yaradılan münbit şəraitdən yararlandıqlarını söyləyib.
Aqrar Sığorta Fondunun ümumi şöbəsinin müdir müavini Əli Əhmədov Fondun fəaliyyətini əks etdirən slayd vasitəsilə geniş məlumat verib.
Tədbirdə Aqrar Sığorta Fondu, Qeyri-formal məşğulluq, Aqrar Sığortanın ümumi qaydaları, Qazax-Tovuz regionu üzrə görülən işlər barədə videoçarx nümayiş etdirilib.
Sonda fermerləri, sahibkarları maraqlandıran suallar cavablandırılıb.