"Azərbaycanda yeni Vergi Məcəlləsinin hazırlanıb qəbul olunması məqsədəuyğun olardı".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, hər il iqtisadi islahatların istiqamətinə uyğun olaraq Vergi Məcəlləsində dəyişikliklər olur:
"Etiraf etmək lazımdır ki, onların əksəriyyəti təşviq və ya güzəşt xarakterlidir. Bununla belə, mövcud iqtisadi reallıqları nəzərə alaraq yeni Vergi Məcəlləsinin qəbuluna ehtiyac var. Yeni Vergi Məcəlləsinin qəbulu müvafiq qanunvericilikdə mütəmadi dəyişiklikləri də optimallaşdıra bilər".
Deputat qeyd edib ki, bank sektorunun inkişafı və vətəndaşların bank xidmətlərindən daha kütləvi istifadəsini nəzərə alaraq Bank Məcəlləsinin hazırlanıb qəbul edilməsi məqsədəuyğun olardı:
"Bu, sektorda islahatların daha da sistemləşdirilməsinə və əhalinin bank qanunvericiliyindən daha aydın şəkildə istifadəsinə imkan yarada bilər. Sektoral məcəllələrin qəbulu Avropa İttifaqı daxil olmaqla əksər inkişaf etmiş birlik və dövlətlərdə tətbiq olunur. Bu hüquqi bazanın sistemləşdirilməsinə və asan qavranılmasına imkan yaradır".