"Gələn il vergi yükünün azaldılması məqsədilə bəzi kateqoriyalı fiziki şəxslərə və sahibkarlara subyektlərinə vergi güzəştlərinin olunması, eyni zamanda, bəzi istiqamətlər üzrə vergitutmanın genişləndirilməsi, tütün məmulatları və alkoqollu içkilər üzrə aksiz dərəcələrinin artırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, ölkəyə gələn bəzi malların gömrük rüsumlarının azaldılması, bir sıra əsas vəsaitlərin idxalında ƏDV və gömrük rüsumları üzrə güzəştlərin edilməsi gözlənilir".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, 2024-cü ildə dövlət büdcəsinin həm gəlirlərinin, həm də xərclərinin azalması proqnoz edilir:
"Belə ki, gəlirin 33 milyard 765 milyard manat olması proqnozlaşdırılır ki, bu da 2023-cü ilin dürüstləşdirilmiş göstəricisi ilə müqayisədə 125,5 milyon manat və yaxud 0,4 faiz azdır. Xərclər də 2023-cü ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 269,8 milyon manat və ya 0,7 faiz azalaraq 36 milyard 355 milyon manat proqnozlaşdırılır. Xərclər gəlirdən daha çox azaldıldığı üçün gələn il büdcə kəsirinin də 2023-cü ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 144,3 milyon manat və ya 5,3 faiz azalaraq 2 milyard 590 milyon manat olması gözlənilir.
Gələn il neftin satış qiyməti 60 dollar götürüləcək ki, nəticədə daxil olan pulun 49,6 faizi (16 milyard 756 milyon manat) neft sektorunun, 50,4 faizi (17 milyard 9 milyon manat) qeyri-neft sektorunun payına düşəcək. Halbuki, bu il neft sektorundan daxil olan pul 52.3 faiz olmaqla qeyri-neft sektorundan daxil olan 47,7 faizlik payı üstələyirdi".