Hindistan sakini dünyada ən çox dişə sahib qadın kimi Ginnesin Rekordlar Kitabına düşüb.
"Unikal" xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.
26 yaşlı hindistanlı Kalpana Balanın 38 dişi var ki, bu da əksər insanlardan 6 diş çoxdur: alt çənədə əlavə 4 diş və yuxarı çənədə 2 diş.
Balanın gəncliyində əlavə dişləri çıxmağa başlayıb. Bu proses ona heç bir narahatlıq yaratmasa da, valideynləri qızının həkimə müraciət etməsini və əlavə dişlərin çıxarılmasını tövsiyə ediblər. Lakin bu prosedurdan qorxduğu üçün qız dişlərini saxlamağa qərar verib.
"Ginnesin Rekordlar Kitabına düşməyimə görə xoşbəxtəm. Bu, həyatımın əsas nailiyyətidir", - deyə Kalpana bildirib.
Qeyd edək ki, kişilər arasında da analoji rekord kanadalı Evano Melloneyə məxsusdur. Onun 41 dişi var.
Tibbdə əlavə dişlərin olması hiperdentiya və ya poliodontiya adlanır.