AFFA futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə yollarını ayırıb.
"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında milli assosiasiyanın baş katibi Sərxan Hacıyev məlumat verib.
Qərar qurumun İcraiyyə Komitəsinin (İK) bu gün keçirilmiş fövqəladə iclasında qəbul olunub. S. Hacıyevin sözlərinə görə, italiyalı mütəxəssis noyabr ayının sonunda başa çatacaq müqaviləsinin müddətinin uzadılmamasını xahiş edib. Onun istəyi İK tərəfindən qəbul olunub.
Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin avqustunda Azərbaycan millisinə baş məşqçi təyin olunmuşdu.
***
10:48
AFFA İcraiyyə Komitəsinin (İK) fövqəladə iclas keçirilir.
"Unikal" xəbər verir ki, Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi milli assosiasiyanın inzibati binasında təşkil olunan yığıncağı erkən tərk edib.
İtaliyalı mütəxəssis toplantıda cəmi 10 dəqiqə qalıb.
Bundan başqa, İK üzvlərindən Fərid Mansurov, Elxan Məmmədov, Mahir Məmmədov və Elmar Məmmədyarov toplantıda iştirak etmirlər.
Qeyd edək ki, iclasın gündəliyinə Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmama məsələsi daxil edilib.
***
09:48
Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.
"Unikal" xəbər verir ki, saat 10:00-da AFFA-nın inzibatı binasında başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələ daxil olunub:
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmama məsələsi müzakirə olunacaq.