Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Əziz Qardaşım.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin şəxsinizdə qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

Sizin kimi müdrik, vətənpərvər və fədakar liderin, görkəmli siyasətçi və dövlət xadiminin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmuş, tarixi ədalət bərqərar edilmişdir.

Ölkənizdə həyata keçirilən genişmiqyaslı daxili və xarici siyasət, iqtisadi və sosial islahatlar bu gün öz bəhrəsini verir, Azərbaycanın beynəlxalq aləmdə etibarı və nüfuzu durmadan yüksəlir.

Xüsusilə vurğulamaq istərdim ki, biz Azərbaycan və Özbəkistan arasında yaranmış, qardaş xalqlarımızın ümumi məqsəd və istəklərinə tam uyğun gələn sıx əlaqələri xüsusi qiymətləndiririk.

Sizinlə fəallaşan açıq və səmərəli dialoqlarımız, eləcə də danışıqlarımız zamanı əldə edilmiş mühüm sazişlər və irimiqyaslı layihələr, təsdiq edilmiş “yol xəritələri”nın tam həyata keçirilməsi, şübhəsiz ki, strateji tərəfdaşlığımızı tamamilə yeni səviyyəyə qaldıracaqdır.

Hörmətli İlham Heydər oğlu, əminəm ki, yaxın gələcəkdə çoxtərəfli formatlar çərçivəsində bənzərsiz Azərbaycan torpağına yüksək səviyyəli səfərlərimiz hərtərəfli tərəfdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcəkdir.

Daha əvvəl Sizinlə razılaşdığımız kimi, kimya, neft-qaz, mədənçilik, energetika, elektrotexnika, zərgərlik, maşınqayırma, əczaçılıq, tikinti materialları və bank-maliyyə sahələri daxil olmaqla 10 yeni istiqamətdə tərəfdaşlığın gücləndirilməsinə yönələn böyük planlarımızın tam şəkildə reallaşacağına əminəm.

Bizim möhkəm siyasi iradəmiz və birgə səylərimiz sayəsində qarşılıqlı faydalı və uzunmüddətli tərəfdaşlığımız qardaş xalqlarımızın ümumi inkişafı naminə bundan sonra da davamlı şəkildə inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı, ailə səadəti, Vətəninizin inkişafı naminə fəaliyyətinizdə böyük müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, davamlı tərəqqi və firavanlıq arzulayıram".

*** 19:05

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Tacik xalqının adından və şəxsən öz adımdan böyük məmnuniyyətlə Sizə və bütün dost Azərbaycan xalqına ölkənin milli bayramı münasibətilə səmimi təbriklərimizi çatdırıram.

Azərbaycan Respublikasının ölkənin sosial-iqtisadi və mənəvi həyatında böyük nəticələr əldə edərək öz inkişafında durmadan irəlilədiyini qeyd etmək sevindiricidir. Həmçinin Azərbaycanın beynəlxalq arenada nüfuzu artır.

Ölkələrimizin qarşılıqlı münasibətlərinin əsaslarının hərtərəfli möhkəmlənməsi Tacikistanın xarici siyasət prioritetlərində mühüm yer tutur.

Birgə səylər sayəsində dövlətlərarası tərəfdaşlıq və dialoq bütün səviyyələrdə uğurla inkişaf edir ki, bu da dostluq münasibətlərimizin məhsuldar şəkildə genişlənməsinə kömək edir. Bunun əyani nümunəsi əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir.

Mənim bu yaxınlarda Azərbaycana dövlət səfərim zamanı keçirdiyimiz görüşləri səmimiyyətlə xatırlayıram. Əminəm ki, bu səfər çərçivəsində əldə olunmuş razılaşmaların praktik reallaşması uzunmüddətli perspektivə hesablanmış Tacikistan-Azərbaycan məhsuldar əməkdaşlığına yeni təkan verəcəkdir.

İnanıram ki, biz gələcəkdə də strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi üçün zəruri birgə səyləri davam etdirəcəyik, ikitərəfli münasibətlərimizdə mövcud olan böyük potensialdan tam istifadə edəcəyik.

Əziz İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və bütün təşəbbüslərinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə hər zaman aydın səma, əmin-amanlıq və dinamik tərəqqi arzulayıram".

*** 18:25

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

"Unkal" xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Müstəqillik, suverenlik, bərabərlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı qardaşlıq və dostluq zəminində yaradılmış Türk Dövlətlərin Təşkilatının sadiq olduğu təməl prinsiplərdəndir. Azərbaycan Respublikasının təşkilat çərçivəsində tərəfdaşlıq və inteqrasiya proseslərinin inkişafına verdiyi töhfə nəinki üzv dövlətlərimizdə, həmçinin bütövlükdə regionumuzda sülh, sabitlik, təhlükəsizlik və rifahın möhkəmləndirilməsinə xidmət edir.

Əminəm ki, Sizin təşəbbüsünüz əsasında bu ilin iyul ayında Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi əməkdaşlığımızı daha da gücləndirəcəkdir.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizə bir daha dərin ehtiramımı bildirir, Azərbaycan xalqının rifahı naminə işlərinizdə yeni uğurlar diləyirəm".

*** 17:01

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ölkəniz və xalqınız üçün əlamətdar gün olan Müstəqillik Günü münasibətilə İsrail Dövləti və xalqı adından Sizə və Azərbaycan vətəndaşlarına səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Xalqlarımız arasında uzun illərdir davam edən dostluq ildən-ilə dərinləşmiş və mühüm əhəmiyyət kəsb edən strateji tərəfdaşlığa çevrilmişdir. Ölkələrimiz arasındakı əlaqələr Azərbaycan xalqı ilə yəhudi xalqı arasında əsrlər boyu davam edən möhkəm təməl üzərində qurulan dostluq münasibətlərinə əsaslanır. Bizim tarixi əlaqələrimiz bu gün qarşılıqlı hörmət, etimad və səmimi münasibətlərə əsaslanan tərəfdaşlığa çevrilib və bu, genişlənməkdə, möhkəmlənməkdə davam edir.

İqtisadi, siyasi, təhlükəsizlik sahələrində ikitərəfli dialoqumuz və əməkdaşlığımız yeni zirvələrə yüksəlib və əminəm ki, bu əlaqələrimiz gələcəkdə də inkişaf edəcəkdir. İsraildə xeyli sayda Azərbaycan yəhudiləri yaşayır və bizim cəmiyyətimizin bu şərəfli üzvləri xalqlarımızı birləşdirən canlı körpü rolunu oynayır.

Keçən il bir sıra səmərəli müzakirələr aparmaq üçün gözəl ölkənizə səfər etmək Mixal və mənim üçün xüsusi şərəf oldu. Mən Sizin və birinci xanımın bizim nümayəndə heyətimizə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm.

Biz xalqlarımız arasında möhkəm dostluq münasibətlərini yüksək qiymətləndiririk. Mən vəzifədə olduğum müddətdə əlaqələrimizi daha da genişləndirməyə sadiqliyimi bildirirəm. İmkanlar genişdir və ikitərəfli əlaqələrimizi möhkəmləndirməyə davam etmək üçün xalqlarımızın xoş niyyəti var.

Fürsətdən istifadə edərək, COP29-da iştirak etmək üçün dəvətə görə Sizə minnətdarlığımı bildirirəm. İqlim dəyişikliyi ilə bağlı məsələlərin həlli yollarının tapılmasına yönəlmiş bu mühüm beynəlxalq toplantıya ev sahibliyi etməyə hazırlaşdığınız vaxtda Sizə uğurlar arzulayıram. Mən şəxsən bu ilin sonunda bu mühüm tədbirdə iştirakı səbirsizliklə gözləyirəm.

Bir daha Sizə, birinci xanıma və bütün Azərbaycan xalqına sülh və rifah arzulamaqdan şərəf duyuram".

***  15:56

İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və həmvətənlərinizə İsveçrə Federal Şurası və İsveçrə vətəndaşları adından təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu fürsətdən istifadə edərək ölkənizə və vətəndaşlarınıza xoşbəxt, uğurlu gələcək arzu edirəm.

Beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsində təsbit olunmuş ümumbəşəri prinsiplərə hörmət sülh və firavanlıq dünyasına doğru səylərimizdə bizim ən yaxşı bələdçimiz olaraq qalır. Məmnunam ki, ölkələrimiz arasında belə səmərəli əlaqələr davam edir.

Əminəm ki, biz gələcək illərdə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığımızı inkişaf etdirə və dərinləşdirə biləcəyik.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

*** 

Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

İcazə verin, ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırım.

Mən Albaniya və Azərbaycanın dostluğun, əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində əldə etdiyi böyük nailiyyəti xüsusi olaraq məmnunluqla qeyd edirəm. Biz dostluq münasibətlərinin və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsində çox maraqlıyıq. Əlaqələrimizin hər iki ölkənin mənafeyinə uyğun olaraq yeni səviyyələrə yüksəldilməsinin əhəmiyyətini vurğulayıram.

Fürsətdən istifadə edərək bu ilin martında Azərbaycana səfərim zamanı mənə göstərilən qonaqpərvərliyə görə Sizə səmimi-qəlbdən təşəkkürümü bildirirəm.

Zati-alinizə və Azərbaycan xalqına davamlı uğurlar, inkişaf, firavanlıq və xoşbəxtlik arzulayıram".

*** 15:12

İsveçin Kralı XVI Karl Qustav Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

"Unikal"ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm".

*** 14:48

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahim Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Əlamətdar bayram - Azərbaycan Respublikasının müstəqilliyinin 106-cı ildönümü münasibətilə Kraliça Raca Zarit Sofia ilə birlikdə Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Əminik ki, Malayziya ilə Azərbaycan arasında mövcud olan möhkəm dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daha da inkişaf edəcəkdir.

Uca Allahdan Zati-alinizə cansağlığı, Azərbaycan Respublikasına və onun xalqına davamlı sülh, rifah və tərəqqi arzulayırıq".

***13:59

İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

"Unikal" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə İndoneziya Respublikasının hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Bu xüsusda icazə verin İndoneziya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinə görə Sizə səmimi təşəkkürümü bildirim. Əldə edilən nailiyyətlər dövlətinizin uğurlu siyasətinin təsdiqidir. İnanıram ki, xalqlarımızın qarşılıqlı olaraq bir-birinə təklif edəcəyi çox məsələlər var və əməkdaşlığımızın ölkələrimiz üçün əhəmiyyətli faydalar hasil edəcəyinə əminəm.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə bir daha dərin ehtiramımı ifadə edirəm".

*** 11:59

Hindistan Respublikasının Prezidenti Draupadi Murmu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Müstəqillik Günü münasibətilə Hindistan hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının hökumətinə və dost xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Hindistan ilə Azərbaycan ortaq tarixi və mədəni əlaqələrə malikdir. Bizim həmrəyliyimiz bütün sahələrdə çoxtərəfli qarşılıqlı əməkdaşlığımıza yol açmışdır. Əminəm ki, həssas məqamlara və ortaq maraqlara qarşılıqlı hörmət nümayiş etdirərək bizim münasibətlərimiz əməkdaşlığın yeni sahələrini əhatə etməklə genişlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasının dost xalqına isə davamlı sülh, tərəqqi və inkişaf arzu edirəm.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

***

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Gürcüstan hökuməti adından və şəxsən öz adımdan Sizi və xalqınızı Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İcazə verin Sizə və Azərbaycan xalqına dərin ehtiramımı ifadə edim, sülh, rifah və uğurlar arzulayım.

Gürcüstan və Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq dərin, uzun əsrlik dostluq ənənəsinə əsaslanır ki, bu da ölkələrimizin səmərəli əməkdaşlığının inkişafı üçün mühüm amildir.

Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycanla ikitərəfli və mehriban qonşuluq münasibətlərinin dərinləşməsi bizim hökumətimizin ən əsas prioritetidir. Gürcüstan ilə Azərbaycan arasında qarşılıqlı etimad və dəstək prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq ölkələrimizin əlaqələrinin dinamikasının güclənməsinə müsbət təsir göstərmişdir. Əminəm ki, əməkdaşlığımız daha da möhkəmlənəcək və regionda rifahın, sabitliyin təmin olunmasına öz töhfəsini verəcəkdir.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizə bir daha dərin ehtiramımı ifadə edir, qardaş Azərbaycan xalqına firavanlıq, əmin-amanlıq və nailiyyətlər diləyirəm".