Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
"Unikal" xəbər verir ki, təbrik məktubunda deyilir:
"İcazə verin, Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi, həmçinin ölkənizə və xalqınıza sülh və firavanlıq arzularımı çatdırım.
Şadam ki, Latviya ilə Azərbaycan arasında yaxşı və konstruktiv münasibətlər mövcuddur, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə uğurlu əməkdaşlıq inkişaf etmişdir. Mən Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığının əhəmiyyətini, müsbət gündəm və Avropa İttifaqı-Azərbaycan dialoqunun iqtisadi əməkdaşlıq, regional sabitlik baxımından gətirə biləcəyi faydalarla bağlı birgə fəaliyyətin davam etdirilməsinin önəmini vurğulayıram. Bu baxımdan mən Sizin Cənubi Qafqazda davamlı sülhə nail olmaq istiqamətində səylərinizi alqışlayıram.
Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvətinizi qəbul etməkdən böyük məmnunluq duyuram. COP29 zamanı Sizinlə görüşmək imkanı olsa minnətdar olardım. Əminəm ki, COP29 uğurlu olacaq və iqlimlə bağlı fəaliyyətlərə təkan verəcək.
Bu il biz Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik və mən qəti şəkildə inanıram ki, bu yubiley əlaqələrimizin müsbət dinamikasını daha da möhkəmləndirəcək. Bu baxımdan mən bu il Sizinlə Latviyada görüşməyimizi səbirsizliklə gözləyirəm.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, güc-qüvvət və məsul vəzifənizdə uğurlar arzulayıram".
***
İtaliya Prezidenti Sercio Mattarella Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Unikal" xəbər verir ki, məktubda deyilir:
“Dost Azərbaycan xalqı milli bayramını qeyd etdiyi gündə Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bakı ilə Roma arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələri məni çox məmnun edir. Bu əlaqələr ikitərəfli səviyyədə inkişaf edərək Rusiya-Ukrayna müharibəsi və Orta Şərqdə gərginliyin artması ilə xarakterizə olunan hazırkı mürəkkəb beynəlxalq vəziyyətdə xüsusi əhəmiyyət kəsb edir.
Əminəm ki, bu möhkəm əsaslarla ölkələrimiz strateji tərəfdaşlığı gücləndirmək, maraq doğuran bir çox sahələrdə onu zənginləşdirən yeni təşəbbüslər irəli sürmək üçün birgə fəaliyyətini davam etdirəcək.
Mən bir daha təsdiq edirəm ki, İtaliya Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsinə, o cümlədən regional sabitlik, əlaqələr və beynəlxalq təhlükəsizlik məsələləri üzrə dialoqun intensivləşməsinə qətiyyətlə dəstək verməyə davam edəcək.
Cənab Prezident, sentyabr ayında Sizinlə Kuirinaledə yenidən görüşəcəyimə ümidvaram.
Sizə və bütün həmvətənlərinizə İtaliya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram”.
***
Macarıstanın Prezidenti Tamaş Şuyok Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
“Hörmətli cənab Prezident.
İcazə verin, Sizə Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə təbriklərimi çatdırım.
Mən şadam ki, son illər ölkələrimiz arasında qarşılıqlı hörmət və minnətdarlığa əsaslanan çoxşaxəli əməkdaşlıq inkişaf edib. Macarıstan Azərbaycanla dostluq əlaqələrinin dərinləşməsinə böyük əhəmiyyət verir və bunun üçün genişlənmiş strateji tərəfdaşlığımız çox gözəl əsas yaradır.
Sizi əmin edə bilərəm ki, mən çoxşaxəli siyasi, iqtisadi və mədəni əlaqələrimizin daha da möhkəmlənməsinə sadiqəm. Ümid edirəm ki, gələcəkdə bizim ümumi məsələlərlə bağlı şəxsən fikir mübadiləsi aparmaq imkanımız olacaq.
Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.
***
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Unikal" xəbər verir ki, mətndə deyilir:
"Cənab Prezident, əziz Qardaşım.
Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Konqo xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan şərəf və məmnunluq duyuram.
Cənab Prezident, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq və amin-amanlıq arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Sizinlə birgə çalışmağa hazır olduğumu bir daha bildirirəm. Ölkənizə səfərim məndə xoş təəssüratlar yaradıb.
Sizi əlamətdar bayram münasibətilə bir daha təbrik edir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Eyni zamanda Keniya Respublikasının Prezidenti Uilyam Samoi Ruto da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Mətndə deyilir:
"Zati-aliləri.
Ölkənizin milli bayramı münasibətilə Keniya Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə və Sizin simanızda Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gün ökənizin tarixində qürurverici hadisə kimi qeyd olunur.
Keniya və Azərbaycan arasında bu il diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünün qeyd olunduğu vaxtda mən ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Son iki onillikdə tərəfdaşlığımız qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq dəyərlər əsasında inkişaf etmişdir.
İqlim fəaliyyəti, enerji keçidi, ticarət və sərmayələr, turizm və digər sahələr daxil olmaqla, yeni istiqamətlərdə əməkdaşlığımızı inkişaf etdirmək və tərəfdaşlığımızı genişləndirmək üçün böyük potensialın olduğunu qeyd edirəm.
Bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, böyük Azərbaycan xalqına isə rifah arzulayıram.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".