Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Oqtay Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər dindirilib.
Zərərçəkmiş Əzizə İsmayılzadə ifadəsində bildirib ki, təqsirləndirilən şəxsi zərərçəkmiş Svetlana Osmanovanın sayəsində tanıyıb: "Mən oğlumu işə düzəltmək üçün ona 10 min manat pul vermişəm. Bu günə qədər mənə 3 min 500 manat qaytarılıb".
Təqsirləndirilən şəxs isə deyib ki zərərçəkmişə qarşı dəyən zərərin qalan hissəsini ayın sonunadək qaytaracaq.
Digər zərərçəkmiş Nərminə Cəfərova isə ona bu iş üzrə 55 min manat ziyan vurulduğunu bildirib: "Mən təqsirləndirilən şəxsi Mehriban Sadıqovanın vasitəsilə tanımışam. O, 7-8 ay bizim evdə qalıb. Ona çox inanmışam. Düşünməzdim ki, şəhid qızı olaraq belə aldadılım. Mən özüm üçün ayrıca ev almaq istəyirdim. Mehriban Sadıqova televiziyada jurnalist olaraq fəaliyyət göstərdiyini bilmişəm. Mənə dedi ki təqsirləndirilən şəxs Oqtay onun tələbəsi olub və bu işdə mənə köməklik göstərəcək. Dedi ki aybaay gücün nəyə çatırsa ödənişlər elə sənədləri yoluna qoyaq. Evin Ağ şəhərdəki alınmasında mənə köməklik göstəriləcəyi deyildi. Mənim bu vəziyyətdə olmağımın səbəbkarı ilk növbədə Mehriban Sadıqova, sonra isə Oqtay Əliyevdir. Bu günə qədər hissə-hissə verdiyim 55 min manatdan mənə 1 qəpik də qaytarılmayıb". O mənə demişdi ki əgər 55 min manat versən sənə Ağ şəhərdən ilk ödəniş etməklə mənzil, avtomobil və gözəllik salonu sənə verəcəyəm. Dedi ki mən beznesmənəm və bunları satıram".
Təqsirləndirilən şəxs isə ittihamları qəbul etməyib.
Məhkəmənin növbəti iclası avqustun 15-nə təyin edilib.
Qeyd edək ki, iş üzrə 8 vətəndaş zərərçəkmiş şəxs qismində tanınıb.
İstintaqla müəyyən olunub ki, Oqtay Əliyev tanışı Mehriban Sadıqovaya özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edərək Abdullayev Suliddinin adına Şəmkir rayonu ərazisində, Kür çayının yaxınlığında yerləşən 382 hektar torpaq sahesinin çıxarışının əldə olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib.
Beləliklə O.Əliyev zərərçəkmiş şəxs Suliddin Abdullayeva ümumilikdə 10 min 700 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib.
Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Mehriban Sadıqovaya özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edərək etibarından sui-istifadə edib, Mehriban Sadıqovaya, sonuncunun tanışı Əzizə İsmayılzadənin övladı Elman Mehdiyevi nəqliyyat departamentində şöbə müdirinin müavini vəzifəsinə təyin edilməsində köməklik edəcəyinə dair yalan vəd verib. O, E.Mehdiyevin vasitəsilə Mehriban Sadıqovadan 8 min manat alaraq Əzizə İsmayılzadəyə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Mehriban Sadiqovaya özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edərək onun tanışı İdris Şahbazovun oğlu Əli Şahbazzadəni 5 min 500 manat pulun müqabilində təhsil aldığı Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Biznes və Turizim fakültəsindən Azərbaycan Dövlət Bədən Terbiyəsi İdman Akademiyasına köçürülməsinə köməklik edəcəyinə dair yalan vəd verərək aldadıb.
Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Mehriban Sadıqovaya özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edərək onun qohumu Günel Əliyevanı paytaxtın Xətai rayonu ərazisində fəaliyyətə başlayacaq "Asan Xidmət" mərkəzində vətəndaşlara şəxsiyyət vəsiqələrinin və ümumilli pasportlarının verilməsi bölməsində mütəxəssis işinə düzəlməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, ona qarşı ümumilkdə 2 min 500 dələduzluq edib.
Bundan başqa, təqsirləndirilən şəxs, Mehriban Sadıqova vasitəsilə onun tanışı Svetlana Osmanovanın övladı Samir Hüseynlini "Azercell Telecom" MMC-yə aylıq əmək haqqı məbləği 1800 manat olan işə düzəlməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq edib.
Bundan başqa O.Əliyev, Arifə Əliyevanın qohumu Ramilə Sadıqovanı əvvəllər işlədiyi "Azəriqaz" Istehsalat Birliyində İnsan resurslar şöbəsinə inspektor vəzifəsinə bərpa olunmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, ümumilikdə 4500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq edib. Eyni zamanda, o Arifə Əliyevanın tanışı Gülnar Əlizadəni Suraxanı rayonunda yerləşən 282 və ya Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən 95 nömrəli orta məktəbdə müəllim vəzifəsinə təyin olunmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, 4 min manat dələduzluq edib.
İttiham aktında göstərilib ki, təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Nərminə Cəfərovaya özünü işgüzar şəxs kimi təqdim edib etibarından sui-istifadə edərk sonuncuya qarşı 54 min 350 manat dələduzluq edib.
Nəhayət, o zərərçəkmiş Əli İsa Ağayevin dayısı Araz Qarayevin etibarnamə əsasında istifadə etdiyi Biləsuvar rayonu ərazisində yerləşən 250 hektar qış otlaq sahəsi ilə bağlı Biləsuvar Rayon Məhkəməsi tərəfindən Araz Qarayevin xeyrinə qətnamə çıxarılmasında köməklik edəcəyinə dair yalan vəd verərək dələduzluq edib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
Seymur Əli