"Müasir dövrdə bütün bəşəriyyəti narahat edən, ən ciddi sosial bəlalardan biri olan narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə aparan dövlətlərdən biri də Azərbaycandır".

"Unikal" xəbər verir ki, bu fikirləri Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib.

DSX rəisi qeyd edib ki, ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində son illərdə mühüm uğurlar qazanılıb:

"Bu uğurların əldə olunmasında Azərbaycan sərhədçilərinin fədakar xidmətləri danılmazdır. Belə ki, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən ölkəmizin hüdudlarının etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq və qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri nəticəsində 14 ton 268 kq narkotik vasitənin, 12 min 72 sərhəd pozucusunun, 162 min 273 nəfər rejim pozucusunun, 44 min 717 nəfər axtarışda olan şəxsin və təxmini dəyəri 224 milyon 718 min 931 manat olan qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb".

"Bu illər ərzində Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 50 nəfər və əlaqədə şübhəli bilinən 110 nəfər Azərbaycan, 28 nəfər xarici vətəndaş aşkar olunub, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonasında döyüşmüş 108 şəxs saxlanılıb, bu kontingentə aid 419 nəfərin şəxsiyyəti müəyyənləşdirilərək dövlət sərhədində hərəkətləri nəzarətə götürülüb. Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 186 mütəşəkkil dəstə zərərsizləşdirilib", - deyə E.Quliyev vurğulayıb.