Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə keçirilən "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təliminə Cunqariya Alatausu dağlarında start verilib.

Bu barədə "Unikal"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, plana uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları çətin relyefli dağlıq ərazilərdə kəşfiyyat tapşırıqlarını yerinə yetiriblər. Təlimin birinci günündə iştirakçılara dağçılıq ləvazimatlarından istifadə, sıldırım qayaya qalxma və enmə, yüksəklikdə ilkin tibbi yardımın göstərilməsi və yaralıların təxliyəsi üzrə təlimat-metodiki məşğələlər keçirilib.

Keçirilən təlimdə əsas diqqət döyüş tapşırığının icrası zamanı şəxsi heyətin taktiki vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldilib.