Macarıstan və Slovakiya Azərbaycanla Avropaya təbii qaz tədarükü haqqında saziş imzalamağa yaxındırlar.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
Məlumata görə, Macarıstan və Slovakiya şirkətləri Azərbaycandan hər il 12-14 milyard kubmetr qaz tədarükü ilə bağlı müqavilə imzalamaq niyyətindədirlər.
Ticarət müqaviləsinə əsasən, SOCAR Rusiya-Ukrayna sərhədində yerləşən "Suca"ya qaz verəcək. Macar MVM Zrt. və Slovakiyanın Slovensky Plynarensky Priemysel AS şirkəti oradan Avropaya qaz nəql edəcək. Bu məqsədlə Rusiya qazının indi Ukrayna ərazisindən keçməklə Avropa İttifaqına çatdırıldığı eyni qaz kəməri şəbəkəsindən istifadə edilməsi nəzərdə tutulur.
Rusiya-Ukrayna tranzit sazişinin müddəti 2024-cü ilin sonunda başa çatır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa şirkətləri ilə Azərbaycan arasında Ukrayna ərazisindən qaz tədarükü müqaviləsinin mümkün imzalanması perspektivləri ilə bağlı proqnoz verməkdən imtina edib: "Prezidentin Kazanda keçirdiyi mətbuat konfransında danışdığı vəziyyəti siz də, mən də bilirik. Bu ilin sonunda başa çatacaq qaz tranziti müqaviləsi ilə bağlı sual var. Hadisələrin necə inkişaf edəcəyi, Ukraynanın artıq bu sazişi uzatmaqdan imtina etdiyini nəzərə alaraq, tədarükün necə davam edəcəyini indi deyə bilmərəm".
Ağarza Elçinoğlu