Masazırda uçqun nəticəsində xəsarət alanların durumu açıqlandı.
TƏBİB-dən "Unikal"a verilən məlumata görə, 29 noyabr 2024-cü il tarixində saat 17:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına iki nəfər (kişilər) hospitalizasiya edilib.
“1984-cü il təvəllüdlü şəxs sağ baldır nahiyəsinin əziyi diaqnozu ilə qəbul edilib. Ona lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti kafi qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
1997-ci il təvəllüdlü digər şəxs isə döş qəfəsi və bel-oma nahiyəsinin əziyi diaqnozları ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta ağır kimi qiymətləndirilir”, - TƏBİB-dən bildirilib.
*** 19:12
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verməsi barədə məlumat daxil olub.
Bu barədə "Unikal"a FHN-dən xəbər verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən fərdi yaşayış evində tikinti işləri aparılan zaman uçqun baş verdiyi müəyyən olunub.
Xilasedicilər tərəfindən vətəndaş 1994-cü il təvəllüdlü Rəsulov Camal Əzim oğlunun meyiti dağıntı altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Uçqun nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.