Tovuz rayonu Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə baş verən hadisə Elm və Təhsil Nazirliyi və tabe qurumlarının ciddi nəzarətindədir.

"Unikal" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyi xəstəxanada müalicəsi davam etdirilən şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.

"Hadisə nəticəsində zərər çəkmiş şəxslərin hər birinin səhhəti diqqət mərkəzində saxlanılır. Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək. Hadisədən zərər çəkmiş şagird və məktəb heyəti üzvlərinə şəfa diləyirik", - məlumatda bildirilib.

Xatırladaq ki, məktəbdəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb.

***16:15

Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə tüstüdən zəhərlənənlərin sayı 71-ə çatıb.

*** 15:32

Tovuzda şagirdlərin tüstüdən zəhərlənməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

"Unikal"a  Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata əsasən, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 62 nəfərin xəstəxanaya yerləşdirilməsi faktı üzrə Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Xəstəxanaya müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır.

*** 15:16

Tovuzda məktəbdəki tüstülənməyə görə 60 nəfər xəstəxanaya çatdırılıb.

Bu barədə "Unikal"a TƏBİB-dən bildirilib.

Son məlumata görə, 60 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir, vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb.

**** 13:50

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 19-da 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsilə çağırış daxil olub".

"Unikal" xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

"Saat 13:20 radələrinə olan məlumata görə, 55 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir", - deyə məlumatda bildirilib.

***11:59

"Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması tüstülənməyə səbəb olub".

"Unikal" xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsinin yaydığı məlumatda deyilib.

Bildirilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər.

"Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20-nəfərə yaxın şagird özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür", - deyə məlumatda qeyd edilib.

*** 11:30

Tovuzda orta məktəbdə kütləvi zəhərlənmə olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində yerləşən tam orta məktəbində qeydə alınıb. Belə ki, məktəbin 20-yə yaxın şagirdi zəhərlənmə ilə xəstəxanaya aparılıb. İlkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan soba səbəb olub. Onların tüstüdən zəhərləndiyi bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov