Dekabrın 24-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Osakücə meşəbəyliyində ağacəkmə aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan aksiyada Lənkəran ŞİH başçısı Taleh Qaraşov, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, 1 saylı Regional Meşə Təsərrüfat Mərkəzinin, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. İcra başçısı bildirib ki, aksiyanın keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ekoloji tarazlığı təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir. Onun sözlərinə görə, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün hər bir insanın rolunun əhəmiyyəti, onların enerji səmərəliliyi, su ehtiyatlarının qorunması, tullantıların azaldılması və təkrar emal kimi gündəlik fəaliyyətlərdə iştirak etməyə qarşı həssaslıq nümayiş etdirməsi olduqca vacibdir.

Qeyd edək ki, aksiya çərçivəsində 1 ha ərazidə 3300 ədəd dəmirağacı tingi əkilib, onlara aqro-texniki qulluq göstərilib və suvarılması təmin edilib.