Ukrayna Azərbaycan qazının Avropaya çatdırılmasına razılıq verib. 

"Unikal" xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb. 

Ukrayna prezidenti Volodimir Zelenski bu güzəşti Macarıstan və Slovakiyanın təzyiqi ilə edib.

Tranzit Rusiyanın “Qazprom” və Ukraynanın “Naftoqaz” şirkətləri arasında imzalanmış müqavilə sayəsində mümkün olub. Müqavilənin müddəti 2024-cü il dekabrın 31-də başa çatıb və Ukrayna prezidenti Moskvanın ukraynalıların qanı bahasına milyardlar qazandığını bəyan edərək, bu müqaviləni uzatmayıb. Bundan sonra Slovakiya və Macarıstan tədarükün davam etdirilməsini tələb edərək Kiyevə təzyiq göstərməyə başlayıb. 

Qeyd olunub ki, Zelenski Rusiya qazının Avropaya nəqlinin dayandırılması üçün alternativ tapıb. Ukrayna prezidenti İsveçrədə Davos Forumunda çərçivəsində Azərbaycan lideri İlham Əliyevlə müzakirələr apardığını və Azərbaycanla tərəfdaşlıq imkanları barədə razılığa gəldiyini bildirib. 

Zelenski vurğulayıb ki, Azərbaycanda çox əhəmiyyətli cari hasilat var və azərbaycanlılar 40 milyard kubmetrin yalnız 14-15 milyard kubmetrini istehlak edir: "Belə ki, ölkənin ixrac gücü 25 milyard kubmetrdir. Biz Ukrayna vasitəsilə ixrac imkanlarını müzakirə etdik. Ehtiyac olarsa, Bakı digər Şərqi Avropa ölkələrinə bizim infrastrukturumuzdan istifadə etməklə qaz nəql edə bilər". 

Ağarza Elçinoğlu