“Xural” TV-nin həbsdə olan rəhbəri Əvəz Zeynallının məhkəməsi keçirilib.
"Unikal"ın məlumatına görə, vəkil Rəşad Əliyev Əvəz Zeynallının vəziyyətinin kritik olduğunu bildirib.
Əvəz Zeynallı deyib ki, azadlığa buraxılması ilə bağlı sürətli və operativ qərar verilməsini istəyir.
Nizami Rayon Məhkəməsi Əvəz Zeynallının xəstəliyinin təsdiqi üçün işin tibbi şəhadətləndirilməyə göndərilməsi barədə qərar verib. Qərara əsasən, Ə. Zeynallı xəstəliyi ilə bağlı tibbi komissiyadan keçiriləcək. Qeyd olunub ki, tibbi şahadətləndirilmənin aparılması Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə tapşırılacaq. Müayinə ixtisaslaşdırılmış ekspertlər tərəfindən aparılacaq. Şahadətləndirilmə 1 ay ərzində həyata keçiriləcək.
Proses qeyri-müəyyən vaxta təxirə salınıb.
***
15:15
“Xural” TV-nin həbsdə olan rəhbəri Əvəz Zeynallının məhkəməsi keçirilir.
"Unikal"ın məlumatına görə, onlayn formatda keçirilən iclasa Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli sədrlik edir.
***
14:34
Bu gün “Xural” TV-nin həbsdə olan rəhbəri Əvəz Zeynallının məhkəməsi keçiriləcək.
"Unikal"ın əldə etdiyi məlumata görə, Əvəz Zeynallı məhkəmə iclasına onlayn qoşulacaq.
Saat 15:15-də başlaması nəzərdə tutulan iclasda Əvəz Zeynallının cəzasının çəkilməmiş hissəsindən azad edilməsi məsələsi müzakirə ediləcək. Qərarı Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli qəbul edəcək.
Qeyd edək ki, Əvəz Zeynallıya bir müddət əvvəl xərçəng diaqnozu qoyulub. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət edilib. Qanuna görə, məhkum ağır xəstəliyə tutularsa, cəzaçəkmədən azad edilə bilər.
Cinayət Məcəlləsinin 311.3.3, 311.3.4, 312.2-ci maddələri ilə ittiham olunan Əvəz Zeynallı Bakı Ağlr Cinayətlər Məhkəməsin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Ali Məhkəmə Əvəz Zeynallının şikayətini qismən təmin edərək cəzanı 2 ay azaldıb.
Seymur Əli