Günlərdən 5 iyundur. Tarix xatırladır ki, bu gün repressiya qurbanı olan böyük şairimiz Mikayıl Müşfiqin doğum günüdür. 

"Unikal" xəbər verir ki, bu gün görkəmli şair Mikayıl Müşfiqin anadan olmasından 117 il ötür.

Mikayıl Müşfiqin atası Mirzə Əbdülqədir 1902-ci ildə Xızıdan Bakıya köçüb. 1908-ci ildə isə oğlu Mikayıl Bakının Dağlı məhəlləsində dünyaya gəlib. Müşfiq hələ altı aylıq ikən anası Züleyxanı, altı yaşında isə atasını itirib. Anasının vəfatından sonra atası onu Xızıdakı qohumu olan Səfiyyə xanıma verib. 

Mirzə Əbdülqədir altı aylıq Mikayılı bibisi qızı Səfiyyə xanıma verəndə, onun da Gülhəsən adlı körpəsi var imiş. Müşfiqlə süd qardaşı olan Gülhəsən onunla qohumluğuna görə repressiyadan qaçmağa çalışıb. Buna görə də yaxınlarına Türkmənistana getdiyini deyib. Əslində isə Zərdab rayonunda məskunlaşıb. 

Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olan Mikayıl Müşfiq həm yaradıcılığı, həm də faciəvi taleyi ilə yaddaşlarda silinməz iz buraxıb. Onun həyat yolu Sovet repressiyalarının qurbanı kimi bir çox sənətkarın yaşadığı acı taleyi əks etdirir. 

1930-cu illərin sonlarına doğru Sovet rejiminin sərt repressiya dalğası Müşfiqi də əhatə edir. O, "xalq düşməni" kimi ittiham olunaraq 1937-ci ildə, ad günündən bir gün əvvəl həbs edilir. 1109 nömrəli məhbusun 1938-ci il yanvarın 5-də 20 dəqiqəlik dırnaqarası məhkəməsi keçirilir. Məhkəmə isə onu edam cəzasına məhkum edir. Müşfiq bu qərardan bir gün sonra, yanvar ayının 6-da güllələnir. Şair 1956-cı ildə SSRİ Ali Hərbi Məhkəməsinin qərarı ilə bəraət alır.

Mikayıl Müşfiq repressiya dövrünün qurbanı olsa da, onun poeziyası və sənətə verdiyi töhfələr Azərbaycan ədəbiyyatının zəngin xəzinəsində əbədi olaraq yaşayacaq.

Müxbir: Ağarza Elçinoğlu 
Video: Ayxan Məlikov