Cəlilabad rayon sakini Qəmbər Yusubovun aldığı bədən xəsarətlərindən iyunun 5-də xəstəxanada ölməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, İlkin məlumata görə, mayın 28-də Masallı rayonu ərazisində baş verən mübahisə zamanı o, həmkəndlisi – 22 yaşlı Babək Şahmarov tərəfindən döyülərək xəsarət alıb.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə B.Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.

*** 19:16

Cəlilabad rayonunun Həziabad kəndində toy mərasimində baş verən insident ölümlə nəticələnib. 

"Unikal"ın məlumatına görə, 1984-cü il təvəllüdlü Qənbər Xudaverdi oğlu Yusubov toy zamanı kəndin iki qardaş sakini tərəfindən döyülüb.

Hadisədən sonra Yusubov xəstəxanaya müraciət edib və ona ilkin tibbi yardım göstərilib. Lakin fəhlə kimi çalışan mərhum işi olduğu üçün xəstəxanada qalmaqdan imtina edərək evə qayıdıb. Onun səhhəti getdikcə pisləşib və bu gün yenidən xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, mərhum evli idi.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev