Obamadan Putinə qarşı yeni Ukrayna həmləsi
10:55 28-03-2014
DÜNYA
Obamadan Putinə qarşı yeni Ukrayna həmləsi
Kremlə daha bir şok: Avropa Rusiya qazından imtina edir!
ABŞ prezidenti Barak Obama bildirib ki, Krımın Moskva tərəfindən Ukraynadan qoparılması və Qərblə Rusiya arasında siyasi qarşıdurma nəticəsində yeni "soyuq müharibə" başlamayacaq, lakin rus xalqı anlayacaq ki, qaba gücdən istifadə edərək təhlükəsizliyə, rifaha və dünyada hörmət qazanmağa nail olmaq mümkün deyil.
UNİAN agentliyinin verdiyi məlumata görə, B. Obama Brüsseldə Avropa Birliyi-ABŞ zirvə toplantısından sonra bəyan edib ki, hazırda baş verənlər "soyuq müharibə" deyil: "Sovet İttifaqından fərqli olaraq, Rusiya hansısa blokun başında dayanmır və qlobal ideologiyası yoxdur. Amerika və NATO Rusiya ilə münaqişə istəmir. Biz 60 il ərzində NATO ilə birlikdə yeni ərazilər tutmamışıq, xalqlarımızın azadlığı üçün birlikdə olmuşuq. Biz pozulmaz öhdəliyimiz olan NATO müqaviləsinin 5-ci maddəsinə əməl edərək müttəfiqlərimizin ərazi bütövlüyü və suverenliyini hər zaman müdafiə edəcəyik və bu öhdəlikdən geri çəkilməyəcəyik".
B. Obama hazırda NATO təyyarələrinin Baltik ölkələrinin səmalarında keşik çəkdiyini və alyansın Polşada öz hərbi mövcudiyyətini gücləndirdiyini xatırladıb: "Əlbəttə, Ukrayna NATO-nun üzvü deyil. Bunun səbəblərindən biri Rusiya ilə mürəkkəb qarşılıqlı münasibətlərdir. Lakin tədricən rus xalqı başa düşəcək ki, qaba gücdən istifadə edərək təhlükəsizliyə, rifaha və dünyada istədiyi statusa nail ola bilməyəcək. Bu səbəblə biz Krımdakı böhranın davam edəcəyi müddət ərzində Rusiyaya qarşı təzyiqlərimizi birləşdirəcəyik və diplomatiya üçün də qapını açıq qoyacağıq".
B. Obama NATO üzvlərini hərbi xərcləri artırmağa da çağırıb. O qeyd edib ki, NATO-da kollektiv təhlükəsizlik yalnız ABŞ və onun bir neçə müttəfiqinin çiyinləri üzərində dayanmamalıdır: "Kollektiv təhlükəsizlik varsa, bu, o deməkdir ki, hər kəs bu prosesdə iştirak etməlidir. Bizim bir çox tərəfdaşımızın müdafiə xərclərini azaltması məndə narahatlıq yaradıb. Hərbi xərclərin azalmasının səbəbi aydındır, çünki sizdə iqtisadi və maliyyə böhranı var. Lakin Ukraynada vəziyyət bizə onu xatırladır ki, azadlıq havayı başa gəlmir. Biz silahlara və hərbi qulluqçuların təlimlərinə pul ayırmağa hazır olmalıyıq. Bu, yalnız Amerika və ya Britaniyanın vəzifəsi olmamalııdır".
Beynəlxalq Valyuta Fondu
Ukraynaya 18 milyard dollara qədər kredit ayıracaq
Bu arada Beynəlxalq Valyuta Fondu (İMF) iki il ərzində Ukraynaya 14-18 milyard dollar həcmində yardım ayırmağa hazır olduğunu açıqlayıb.
"RBK Ukraina" saytının verdiyi məlumata görə, bunu İMF-in Ukraynadakı missiyasının rəhbəri Nikolay Georgiyev deyib. O, ilk tranşın apreldə ayrılacağını söyləyib, lakin məbləği açıqlamayıb.
Qeyd edək ki, Ukrayna ilə İMF arasında bir müddətdir gedən danışıqlar martın 26-da razılıqla yekunlaşıb.
Dünya Bankı: "Rusiyada
iqtisadi tənəzzül yaşanır"
Rusiyada iqtisadi tənəzzül yaşanır. Bu ölkədə ÜDM artımı 1,3%-dək enib, halbuki 2012-ci ildə müvafiq göstərici 3,4% olub. Bu barədə isə Dünya Bankı mütəxəssislərinin Rusiya iqtisadiyyatına dair yeni hesabatında deyilir.
Hesabat martın 26-da Moskvada təqdim olunub.
Ekspertlər qeyd edir ki, genişmiqyaslı kompleks struktur islahatlarına diqqətin yetərsizliyi iş adamlarının və istehlakçıların etimadının azalmasına gətirib çıxarıb. Krımdakı son olaylar isə ona gətirib çıxarıb ki, etimad problemləri böhrana çevrilib və mövcud artım modelinin çatışmazlığını qabardıb.
Bununla əlaqədar olaraq Dünya Bankı vəziyyətin inkişafı ilə bağlı iki ssenari hazırlayıb. Birinci ssenari Krım ətrafındakı böhranın nəticələrinin qısamüddətli olacağını, iqtisadi artımın 2014-cü ildə 1,1%, 2015-ci ildə isə 1,3% təşkil edəcəyini nəzərdə tutur.
İkinci ssenari isə məlum Ukrayna hadisələri ətrafında geosiyasi durumun pisləşəcəyi halda iqtisadi və investisiya fəaliyyəti üçün daha ciddi fəsadları nəzərdə tutur. Nəticədə Dünya Bankının eksperləri 2014-cü ildə iqtisadi tənəzzülün 1,8%, 2015-ci ildə isə 2,1% artım səviyyəsində iqtisadiyyatın tədricən bərpa olunacağını proqnozlaşdırırlar.
Barroso: "Bizdə ilk dəfə
Avropanın şərq hissəsindən, lakin Rusiyadan
gəlməyən qaz olacaq"
Avropa Komissiyasının prezidenti Xose Manuel Barroso Avropanın enerji asılılığını azaltması istiqamətində ciddi səylə çalışdığını bəyan edib.
Ağ Evin rəsmi saytının verdiyi məlumata görə, Avropa Birliyi -ABŞ sammitindən sonra mətbuat konfransında çıxış edən Barroso, Ukraynadakı vəziyyətin Avropa Enerji təhlükəsizliyi üçün "oyanış zəngi" olduğunu və Rusiyaya eyham vuraraq Avropanın "təhlükəli nöqtələrdən" gələn enerjidən daha az asılı olmasına ehtiyac olduğunu qeyd edib.
"Enerji təhlükəsizliyi barəsində prezident Barak Obamanın bir az öncə dediyi kimi, biz Avropada bəzi problemlərimizi həll etməliyik. Biz bunun üzərində çalışırıq. Misal üçün, biz yeni qaz marşrutu açmışıq. Bizdə ilk dəfə Avropanın şərq hissəsindən, lakin Rusiyadan gəlməyən qaz olacaq. Bu Azərbaycan, "Cənub dəhlizi" olacaq, - deyə Barrosu bildirib.
Qeyd edək ki, Avropa Birliyinin neft və qaz tələbatının təxminən 3-də biri Rusiya tərəfindən ödənilir. Ümumilikdə isə Rusiyadan Avropa birliyinə ötürülən qazın 40 faizi Ukrayna ərazisindən nəql edilir. Avropa Birliyi illərlə Rusiyadan asılılığını azaltmaq üçün hazırda Birləşmiş Ştatlarla müzakirə edilən Transatlantik Ticarət və İnvestisiya tərəfdaşlığına ümid bəsləyir.
Krım tatarlarının lideri
BMT Təhlükəsizlik
Şurasında çıxış edəcək
Martın 31-də Krım tatarlarının lideri Mustafa Cəmilov BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edəcək. Bu barədə Krım Tatarları Məclisinin açıqlamasında bildirilir.
Bununla belə, ABŞ-da səfərdə olarkən Krım tatarlarının lideri, Ukrayna parlamentinin üzvü Mustafa Cəmilov Ukraynanın ABŞ-dakı səfiri Aleksandr Motsik, amerikalı senator Con Makkeyn, Nümayəndələr Palatasının spikeri Con Bonner və diaspora nümayəndələri ilə görüşəcək. Onun Karneqi Fondunda çıxış edəcəyi də gözlənilir.
Azərbaycan BMT Baş
Assambleyasının iclasında
Ukraynanın mövqeyini
dəstəkləyəcək
Bu arada məlum olub ki, BMT Baş Assambleyasının Ukraynadakı vəziyyətlə bağlı keçirəcəyi iclasda Ukraynanın suverenliyi, siyasi müstəqilliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi barədə qətnamə layihəsinin müzakirəsində Azərbaycan rəsmi Kiyevin mövqeyini dəstəkləyəcək. Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyinin bəyanatında deyilir.
"Azərbaycan Respublikasının Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyən mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan tərəfi ekstremizm, radikalizm və separatizmin istənilən formalarını pisləyir, beynəlxalq sülh və təhlükəsizliyin, o cümlədən BMT üzv dövlətləri arasındakı münasibətlərin özəyini təşkil edən suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə dönməz bağlılığını bir daha təsdiqləyir. Azərbaycan BMT-yə üzv-dövlətlər arasında bütün mövcud münaqişələrin yuxarıda qeyd olunan prinsiplər əsasında siyasi dialoq vasitəsilə həllinin tərəfdarıdır" - bəyanatında deyilir.
Azərbaycan səfirliyi Ukraynanın "İnter" televiziya kanalında 26 mart 2014-cü il tarixində efirə verilmiş xəbərlər buraxılışında jurnalist Dmitri Yevçinin reportajında qeyd olunan xəbərə münasibət bildirərək bəyan edir ki, martın 24-25-də Strasburqda keçirilmiş Avropa Şurası yerli və regional hökumətləri konqresinin iclasında Rusiya Federasiyasının Vladimir vilayətinin qubernatoru, iclasda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Svetlana Orlovanın guya Azərbaycanın Krımda 16 mart 2014-cü il tarixində keçirilmiş referendumu tanıdığını və Rusiya Federasiyasının Krımı federasiya subyekti kimi qəbul etməsini dəstəklədiyi fikri tamamilə əsassızdır: "Əksinə, iclasda iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin üzvü Anar İbrahimov qətiyyətlə Krımın ilhaq edilməsini pisləyən qətnamənin lehinə səs verib".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-25 21:53:15
2024-12-25 21:03:45
2024-12-25 20:45:52
2024-12-25 20:39:47
2024-12-25 20:25:10
2024-12-25 19:49:35
2024-12-25 19:32:24
2024-12-25 19:14:32
2024-12-25 18:15:56
2024-12-25 17:38:00
2024-12-25 17:17:17
2024-12-25 17:02:00
2024-12-25 16:58:00
2024-12-25 16:39:09
2024-12-25 16:28:00
2024-12-25 16:03:13
2024-12-25 15:57:07
2024-12-25 15:53:00
2024-12-25 15:20:25
2024-12-25 15:19:20