Ermənistanda yaranmadan dağılan tifaq
06:11 20-04-2014
DÜNYA
Ermənistanda yaranmadan dağılan tifaq
Və qapısını fələk vuran siyasətçilər
Ermənistanın baş naziri Tiqran Sarkisyanın tutduğu vəzifədən "könüllü" istefa verməsindən sonra ölkənin müxalifət düşərgəsində çaşqınlıq yaranıb. Çünki Ermənistan Milli Konqresi, İrs və "Çiçəklənən Ermənistan" partiyaları, habelə Erməni İnqilabi Federasiyası-Daşnaksutyundan ibarət "Dördlər ittifaqı" bu ayın sonlarında Yerevanda mitinqlər və yürüşlər keçirmək, baş nazirin istefasını, hökümət tərkibinin yenidən formalaşdırılmasını tələb etmək niyyətində idilər.
Sarkisyanın istefası isə müxalifət liderlərinin ən azı bir aylıq fəaliyyət planlarını alt-üst edib.
Gümrü və Vanadzordakı mitinqlərə, habelə aprelin 28-30-da Yerevandakı "sutkaboyu, fasiləsiz nümayiş"ə heç bir ehtiyac qalmır.
"Çiçəklənən Ermənistan" Partiyası aprelin 28-də Tiqran Sarkisyanı "yıxıb-sürümək" və hökumətə etimadsızlıq göstərmək imkanlarını bilmərrə itirdi.
Ümumiyyətlə, Qagik Sarukyanın sədrlik etdiyi partiyanın siyasi fəaliyyət hədəfi qalmayıb. "Çiçəklənən Ermənistan" Partiyası (ÇEP) son illərdə, əsasən, Tiqran Sarkisyanı tənqid etmək, hökumətin fəaliyyətini təhlil etməklə məşğuldu və az qala varlığının mənaları arasında bu işləri ön plana çəkirdi. 2010-cu ildən bəri ÇEP-lə Tiqran Sarkisyanın tənqidlərini ayrı-ayrılıqda təsəvvür etmək mümkün deyildi və bəzən belə təsəvvür yaranırdı ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın yaratdığı partiya ilə indiki dövlət başçısı Serj Sarkisyanın kreaturası arasında qırılmaz əlaqələr, tale birliyi var.
Paradoksal olsa da, Tiqran Sarkisyanın baş nazir postunda olması ÇEP-ə hava-su kimi gərəkdi: əks təqdirdə bu partiyanın rəhbərliyi və funksionerləri həvəslə, emosionallıqla kimi tənqid edəcəkdilər - bəlli deyil.
Amma həyat və xüsusilə də siyasət uğurlar, yaxud da həzzlərlə kifayətlənmir. Pərişanlıq, uğursuzluq və depressiya məqamları da olur.
Daşnaklar da çaş-baş qalıblar. 120 yaşı olan bu təşkilat 2006-cı ildən, yəni ÇEM yaradılandan bəri bu oliqarxik strukturun kölgəsində qalıb. Daşnakların acı taleyi elə gətirib ki, onlar hakimiyyət koalisiyasında olanda da, sonradan Ermənistan prezidenti Serj Sarkisyanın qəzəbinə gələrək müxalifət düşərgəsinə yuvarlananda da mövqelərinin verdiyi kiçik ünsürlərlə kifayətlənməli idilər.
Daşnaklar əndişədədir, çünki onlar yeni yaranmış situasiyada yenə də "böyüklər"in kölgəsində qalmaqdan qorxurlar.
İş ondadır ki, baş nazirin istefasından sonra iqtidardakı Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov "xalq etimadı hökümətinin formalaşdırıla biləcəyini" istisna etməyib. Yerevanda dolaşan şayiələrə görə, yeni baş nazir təyin ediləndən sonra S.Sarkisyan başçılıq etdiyi Ermənistan Respublika Partiyası və hakimiyyət koalisiyasındakı "Orinas Yerkir" Partiyası ilə yanaşı, ÇEP və Daşnaksütyunla da "gərəkli müzakirələr" aparacaq.
Sözügedən siyasi qüvvələr razılığa gəlsələr, onda hökumətdə yenə "köhnə dostlar", yəni Sarkisyanın partiyası, "Orinas Yerkir", ÇEP və Daşnaksütyun təmsil olunacaqlar.
Bəhs etdiyimiz şəraitdə daşnaklar yenə hakimiyyət kökəsindən balaca da olsa, bir tikəyə yiyələnməyə can atırlar.
Son məlumatlara görə, ÇEP-in sədri Ermənistan prezidenti Serj Sarkisyan ilə görüşüb və hakimiyyətdə yer almaq üçün yeni kuluar danışıqları aparmağa çalışıb. Fəqət oliqarxın ümidləri doğrulmayıb, niyyəti puç olub.
Sarukyanın son müsahibələrində faktiki olaraq konkert heç bir məqama toxunulmadığından onun və partiyasının gözləmə mövqeyi tutduğunu demək olar.
Gözləntilər isə yeni hökumətin formalaşmasından sonra ÇEP-in qarşısına atılacaq "tikə"lərin ölçüləri və forması ilə bağlıdır.
Tiqran Sarkisyan çoxdan bəri istefa verdiyindən ÇEP-in də müxalifətdə yad, hakimiyyətdə özgə statusunda qalması və ümumiyyətlə, nəyəsə alternativ rolunda çıxış etmək istəkləri absurd təsir bağışlayır.
2012-ci ildəki parlament, 2013-cü ildəki prezident seçkilərindən sonra hökumətin heyətinin formalaşdırılması ilə bağlı gizli müzakirələrdə ÇEP ahəstə şəkildə bildirirdi ki, Tiqran Sarkisyanın başçılıq etdiyi nazirlər kabinetinə qatılmayacaq. İş o yerə çatmışdı ki, müxalifətin maskasının düşməsinə imkan verməmək və ümumiyyətlə, müxalifətçilərin laxlayan mövqelərini darmadağından qorumaq üçün ÇEP az qala Sarkisyana yalvararaq baş nazirin istefaya göndərilməsini təvəqqe edirdi.
İndisə hakimiyyətlə yeni siyasi alver aparmaq üçün ÇEP-ə heç nə mane olmur. Sabiq prezident Levon Ter-Petrosyanın lider olduğu Ermənistan Milli Konqresi və Raffi Hovannisyanın sədrlik etdiyi İrs Partiyası da ağır duruma düşüblər. Ermənistan prezidenti bu adamlarla görüşməyib və təbii ki, yeni formalaşan hökumətdə yer ayırmayıb. İrs Partiyası belə imkanı ötən il keçirilmiş prezident seçkilərində itirib.
Tiqran Sarkisyanın istefasından sonra isə İrs və EMK yenidən aldanmış, istifadə olunaraq tələyə düşmüş vəziyyətdədirlər.
"Dördlər ittifaqı"nın artıq dağıldığı aşkardır və siyasi qüvvələrin liderləri sürəkli olaraq bunun əksini söyləsələr də, gerçəyi danmaq çətindir.
EMK-nın parlament fraksiyasının rəhbəri Levon Zurabyan deyib: "Hökumətin istefası hakimiyyət dəyişikliyinə yönəlmiş addımlarımızın ilk mərhələsi kimi dəyərləndirilməlidir. Birinci mərhələdəki problem həll olundu. İndi ikinci mərhələ başlanıb. Bu mərhələdə məqsəd prezident Serj Sarkisyanı istefaya vadar etməkdir".
İrs Partiyasının parlament fraksiyasının rəhbəri Ruben Hakobyan isə yeganə məqsədlərinin hakimiyyət dəyişikliyi və Sarkisyanın dəstəsinin iqtidardan kənalaşdırılması olduğunu vurğulayıb. Bununla belə o, "məsələyə fərqli yanaşmaların mövcudluğunu" etiraf edib.
Onun ad çəkməsə də, ÇEP və Daşnaksütyunu nəzərdə tutduğu şübhə doğurmur.
Belə gedərsə, müxalifət "etimad təşkilatı" yaratmalı olacaq. Sonucda EMK və İrs həmişə olduğu kimi, yenə də hadisələrin sonunda sürünməli, "Çiçəklənən Ermənistan"ın onları qabaqlamalarını sinirlə müşahidə etməli olacaqlar.
Bu adamlar unudublar ki, cəmiyyətə sözlər yox, ideyalar təsir edir. Erməni müxalifətçiləri isə cəmiyyətlə qadın kimi davranır, kütləyə yalnız eşitmək istədiyi sözləri deyir.
Halbuki haqlar olmadan öhdəliklər yalnız köləlik, öhdəliklərin olmadığı haqlar isə anarxiya yaradır.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04
2024-12-24 11:25:05
2024-12-24 10:55:01
2024-12-24 00:58:20
2024-12-24 00:48:22
2024-12-24 00:31:37
2024-12-24 00:25:03
2024-12-24 00:18:55
2024-12-23 23:55:40
2024-12-23 23:44:02
2024-12-23 23:19:16
2024-12-23 22:36:17
2024-12-23 22:20:17