NATO və Şərqi Avropa: fəlakət siqnallarına necə cavab verməli?
09:42 06-05-2014
DÜNYA
NATO və Şərqi Avropa: fəlakət siqnallarına necə cavab verməli?
Nüfuzlu ABŞ dərgisinin maraq doğuran analizi!
Bir neçə gün bundan əvvəl NATO baş katibinin müavini Aleksandr Verşbounun bəyanatı NATO-Rusiya münasibətlərində artıq yeni bir mərhələnin başlanğıcı sayıla bilərdi. O, Şimali Atlantika Alyansının bundan sonra Rusiyanı özünün rəqibi hesab edəcəyini dilə gətirib.
"Alyans Rusiya ilə sərhəd dövlətlərinin suverenliyini və sərbəst seçki keçirməsini qorumağı qarşısına məqsəd qoyub" deyən NATO rəsmisi hərbi alyansın əslində əvvəlki missiyasına qayıtdığını xəbər verirdi. Bu missiya nədən ibarətdir? ABŞ-ın nüfuzlu "Bloomberg Businessweek" jurnalında gedən bir yazıda məhz bu missiyadan bəhs edilir.
Yazı "NATO və Şərqi Avropa: fəlakət siqnallarına necə cavab verməli?" adlanır.
Yazıda qeyd edilir ki, Ukrayna böhranı son illər Əfqanıstan və İraqa qədər getməyə bacaran hərbi ittifaqı əvvəlki missiyaya qayıtmağı məcbur edir. Bu missiya isə NATO-nun 65 il əvvəl yaradılanda elan edilən missiyadır: Avropanın şərq sərhədlərini Kremlin ekspansiya siyasətindən müdafiə etmək. Missiyanın bərpası istiqamətində artıq müəyyən addımlar da atılmağa başlanılıb. ABŞ, Böyük Britaniya və NATO-nun bəzi digər üzvləri aprel ayının əvvəlində Polşa və Baltikyanı ölkələrinin ərazisində qırıcıların sayını artırıb. Sovet İttifaqının dağılmasından sonra hərbi ittifaqa daxil olan Mərkəzi və Şərqi Avropanın ölkələri NATO rəhbərliyinə yardım üçün yenidən müraciət edirlər. Rusiya ilə həmsərhəd olan Latviyanın baş naziri ötən həftə bildirib ki, NATO hərbi bazasının ölkə ərazisində yerləşdirilməsini istəyir.
"Hərbi ittifaq "soyuq müharibə" dövründə apardığı kollektiv müdafiə siyasətinə yenidən qayıda bilər", - Brookings İnstitutunun böyük elmi işçi, ABŞ-ın Ukraynadakı keçmiş səfiri Stiven Pifer deyib. Onun sözlərinə görə, NATO-nun tezliklə Mərkəzi və Şərqi Avropa ərazisində olmasını müşahidə edəcəyik.
Bu isə 1997-ci ildə NATO və Rusiya arasında imzalanan əməkdaşlıq müqaviləsinin pozulması anlamına gəlir. Şimali Atlantika İttifaqı və Rusiya arasında imzalanan həmin əməkdaşlıq müqaviləsində deyilirdi ki, NATO Mərkəzi və Şərqi Avropada "əhəmiyyətli döyüş qoşunlarını" yerləşdirməyəcək. Ancaq ittifaq rəhbərləri hesab edir ki, Rusiyanın Ukraynadakı hərəkətləri NATO-nu bu vədi yerinə yetirməkdən azad edib. Bildirilir ki, razılaşma regionda təhlükəsizliyin qorunmasını tələb edirdi və indiki halda təhlükəsizlik məhz Rusiya tərəfindən pozulub.
Regionda NATO-nun gücləndirilməsi barədə təkliflər müsbət qəbul olunsa da, bir sıra mürəkkəb problemlər də olmamış deyil. İlk olaraq qarşıya çıxan sual bunun üçün lazım olan büdcəni kimin ödəməsidir. Belə ki, ittifaq rəhbərliyinə kömək üçün müraciət edən dövlətlərdən bəziləri çox aşağı hərbi büdcəyə malikdir. Məsələn, Estoniya, Latviya və Litvanın müdafiə xərcləri ümumilikdə 1 milyard dollardan bir qədər çoxdur. ABŞ-ın payına isə NATO-nun hərbi büdcəsinin 22 faizi düşür. NATO-nun üzvü olan Qərbi Avropanın bəzi ölkələri, məsələn İspaniya və İtaliya hazırda iqtisadi böhranın öhdəsindən gəlməyə çalışır. Pentaqonun keçmiş məmuru Barri Pavelin fikrincə, çox güman ki, bu ölkələr hərbi büdcələrini artırmayacaqlar. Vaşintonun isə təkbaşına NATO-nun hərbi büdcəsini artırmağa həvəsli olacağı inandırıcı deyil.
Ekspertlərin əksəriyyəti də NATO-nu Rusiya qarşısında zəif edən əsas səbəblərdən biri olaraq hərbi xərclərin azlığını göstərir. Təsadüfi deyil ki, NATO-nun baş katıbi Andreas Foq Rasmussen bu ilin fevral ayında ittifaqın hərbi xərclərinin azaldılması nəticəsində dünya arenasında təsir imkanlarını itirə biləcəklərindən narahat olduğunu ifadə edib. "Bu məsələ təhlükə törədir. Ona görə ki, digər ölkələr müdafiə sahəsinə sərmayə qoyurlar və belə olan halda bizim beynəlxalq səhnədəki təsirimiz azalacaq. Yaranacaq boşluğu isə başqa ölkələr dolduracaq", - Rasmussen dilə gətirmişdi.
NATO-nun 28 üzvündən 26-sının Avropada yerləşdiyini nəzərə alsaq qitə ölkələnin ayıracağı vəsaitin hərbi alyans üçün nə qədər əhəmiyyətli olduğunu başa düşmək olar. Son illər ərzində dünya üzrə ən çox hərbi xərcləri Rusiyanın artırması Qərbi narahat etməyə bilməz. Son üç il ərzində bu sahəyə rusların ayırdığı pul əvvəlki illərlə müqayisədə 44 faiz çoxalıb. "The Financial Times" hesab edir ki, Rusiya militarizminin yeni mərhələsi NATO-nun 28 üzvü üçün bir sınağa çevrilib. Bunadan sonra nə olacağı, NATO yeni enerji və cəsarəti əldə edə biləcəyi, yoxsa daxili sarsıntılardan zəifləyəcəyi maraq doğuran məsələdir.
Siyasi analitiklər hesab edir ki, hazırda hərbi alyansın qarşısında üç əhəmiyyətli məsələ dayanır. Birincisi, Avropada hərbi xərclərin kəskin ixtisarını dayandırmaq lazımdır. İkincisi, NATO-nun aktual olduğuna ABŞ-ı inandırmaq lazımdır. Üçüncüsü, NATO-nun effektivliyi və etibarını sübut etməklə yeni üzvləri sakitləşdirmək lazımdır.
Avropa ölkələrinin hərbi büdcələrinə gəlincə, mənzərə çox kədərldir. İtaliyada hərbi xərclər maliyyə böhranının başlandığı 2008-ci ildən 21,5, Britaniyada 9,1, Almaniyada 4,3 faiz azalıb. Yalnız Fransa hərbi xərclərin miqdarını sabit saxlaya bilib. Müvafiq dövr ərzində Rusiyada hərbi xərclər 31,2 faiz artıb.
NATO-nun tələbinə görə, üzv ölkələr ümumi daxili məhsulun 2 faizini müdafiəyə xərcləməlidir. Hazırda isə 28 dövlətdən yalnız dördü bu tələbi yerinə yetirir. Krımın Rusiyayla birləşdirilməsindən sonra yalnız Baltikyanı ölkələr öz hərbi büdcələrini artırmağa və NATO-nun tələbini yerinə yetirməyə söz veriblər. Avropanın cənubunda isə büdcə çətinlikləri səbəbindən həbri büdcənin artırılması praktik olaraq qeyri-mümkün görünür.
Bir çox müşahidəçilər hesab edir ki, ittifaqın ən yaxın məsələsi Rusiya prezidentinə dəqiq siqnalı vermək olmalıdır. Admiral Stavridis NATO-nun diqqətinin Avropada cəmlənməli olduğunu bildirir.
Ömər Dağlı
Digər Xəbərlər
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04
2024-12-24 11:25:05
2024-12-24 10:55:01
2024-12-24 00:58:20
2024-12-24 00:48:22
2024-12-24 00:31:37
2024-12-24 00:25:03