Ermənistanda kütləyə bu dəfə hansı yalan danışılacaq?
06:27 07-05-2014
DÜNYA
Ermənistanda kütləyə bu dəfə hansı yalan danışılacaq?
Serj Sarkisyanın hakimiyyəti ağlı qarnında yox, başında olan normal insanı razı sala bilməz.
Ermənistanda baş verən hadisələr, xüsusilə də son həftələrdə olan olaylar bir məqamı aşkar göstərir: Yerevandakı hakimiyyətin taleyinin kimdən və nədən asılı olduğu bəlli deyil. Ümumiyyətlə, belə talenin olub-olmadığı da bilinmir. Çünki taleyi olanlar bunun nə demək olduğunu anlayar və heç bir halda Yerevandakı iqtidar qədər sərsəm davrana bilməz.
Taleyi olan hakimiyyət qərarları və addımları ilə bağlı bir qədər qorxur, bir qədər əndişələnir, bir qədər şübhələnir, bir qədər də kütlə saydığı xalqın nə istədiyini anlamağa çalışır.
Ermənistan prezidenti Serj Sarkisyanın iqtidarına gəldikdə isə bu dəstə heç nədən qorxmur, kimsəni dinləmək istəmir, qərar və addımlarından bədgümanlıq etmir, ehtiyatlı davranmır.
Üstəlik, Ermənistan hakimiyyətinin xalqı qarşısında öhdəlikləri və vədləri ilə yanaşı, xarici dövlətlər və beynəlxalq təşkilatlar qarşısında maliyyə-siyasi borcları da artır. Ermənilər talesiz, binəsib hakimiyyətlərinə görə belə baha qiymət ödəyirlər. Sənədlərdə və sorğularda, rəsmi hesabatlarda və siyasətçilərin çıxışlarında "adi vətəndaş" adlandırılan orta statistik erməni siyasətlə maraqlanmadığını, yalnız güzəranını təmin etmək istədiyini deyir. O, yalnız özünü, ailəsini, yaxınlarını və ən yaxşı halda qısamüddətli perspektivini düşündüyünü vurğulayaraq əsas problemlərinin hüquqlarının təminatı, qanunlara riayət olunması və yaxşı yaşamaq üçün imkanların yaradılmasını göstərir. Belələri unudurlar ki, Ermənistan kimi marionetka ölkədə oyuncaq sayılan adamlar siyasətlə maraqlanmırsa və məşğul olmursa, onların hüquqlarının əllərindən alan hakimiyyətin başıpozuqluğuna qarşı çıxmırsa - bir sözlə, insan olduğunu unudaraq insan haqlarını arayırsa, siyasətin özü onunla məşğul olacaq.
Ermənilər indi ölkənin, dövlətin və övladlarının taleləri ilə oynayırlar. Bəlkə, gec də olsa, onlar bir anlıq duraraq düşünməli, Ermənistanın xarici borcunun daha da artaraq ümumdaxili məhsulun 100 faizə çatacağı günü müticəsinə, susqunluqla gözləməməlidirlər?
Bəlkə, ermənilər nəhayət ki, özlərinin və talelərinin sahibləri olduqlarını dərk edərək bu təhlükəli süstlükdən, laqeydliklən qurtulmağa çalışmalıdırlar?
Ermənilər anlamaq istəmirlər ki, taleyi olmayan hakimiyyət xalqın, vətəndaşların və dövlətin gələcəyi, taleyi hesabına yaşayır. Daha doğrusu, eynən nəhəng parazit kimi insanların gələcəyini sümürür, "adi vətəndaş"ların puç olmuş arzularının energetikası ilə qidalanır və kütlənin qanını sümürməkdən vampir kimi doymur. Doymaq istəmir, doya bilmir.
Halbuki bir ölkədə bütün vətəndaşların kütləvi şəkildə kütləşməsi, şüurlarına dözüm laylası deyərək zorən yuxuya vermələri mümkün deyil.
Serj Sarkisyanın da hakimiyyəti ağlı qarnında yox, başında olan normal insanı razı sala bilməz.
Belədə sadəlövh sual yaranır: ermənilər nə üçün dözürlər?
Onlar nədən narazılıqlarını məhdud çevrədə, öz aralarında bildirir, həyətdə nərd oynayanda Serj Sarkisyanın kölgəsini xəyalən qılınclayıb onun dəstəsindəki adamları virtual edama aparırlar? O da ki, bir şərtlə - yaxında yad adam olmamalı, bu söhbətləri başqa qulaqlara çatmamalıdır.
Erməni siyasətçilər və hüquq müdafiəçiləri, jurnalistlər və ictimai xadimlərin bəziləri sadaladığımız suallara cavab aramağa çalışırlar.
Heyhat, dərd böyüyür, problemlərin qıvrılmağa vadar etdiyi həyatdakı müəmma çatları genişlənir və dərinləşir.
Ermənistan dövləti və cəmiyyətinin taleyi inadla parçalanır, hissələrə bölünür, kleptokratik sistemi qidalandırır.
Kütlə əməllərinə və istəklərinə yenidən nəzər salmayınca, indiki istəklərinə şübhələnməyincə, susmağın cinayətə bərabər əməl olduğunu dərk etməyincə Serj Sarkisyan taxtında özünü əmin, rahat hiss edəcək.
Ermənistan prezidenti baş nazir postuna Ovik Abramyanı təyin edəndən, yəni ölkənin icraedici hakimiyyətini ən iri oliqarxlardan birinə tapşırandan sonra siyasət arenası ilə yanaşı, hakimiyyət düşərgəsində də didişmələrin artacağını, daha da kəskinləşəcəyini əla bilirdi.
Bu isə istənilən halda, gec və ya tez Ermənistanın ictimai, habelə siyasi həyatında da gərginliyi artırasıdır.
Səbr kasası dolacaq ermənilər dəyişikliklər tələb edə bilərlər. Onlar indi baş verən proseslərin qarşısını almaq, yeni bəlaları önləməyə çalışsalar, Sarkisyanın nə edəcəyi, bu dəfə hansı oyunları gerçəkləşdirəcəyi, şəksiz ki, maraqlıdır.
Problem əslində Ovik Abramyanda yox, onun təmsil etdiyi sistemdədir.
Saşik Sarqsyandan tutmuş, Qagik Sarukyana qədər onlarla erməninin adını saymaq olar: bu məxluqlar kütlənin hesabına varlanan və sonra da kütləni aşağılayıb idarə etməyə cəhd göstərənlərdir. Qarışıq, oğurluqla yalanın üzvi sintez etdiyi sistemdir. Məmurlar oliqarx, oliqarxlar məmurdur. Milyardlarını cinayətlərlə qazanan Ovik Abramyan baş nazirdirsə, onun hökumətindəki nazirlərin istisnasız olaraq hamısı kriminal milyonçulardır.
Erməniləri anlamaq olar: onlar bu cinayətkarlardan qurtulmaq istəyirlər və tələbləri də hakimiyyət piramidasının de-yure zirvəsi sayılan Serj Sarkisyanadır.
Top indi Serj Sarkisyanın tərəfindəndir. O, qərar verməlidir: ya özünü oyundan kənar vəziyyətə salacaq, ya da ikinci prezidentlik dövrünün başa çatmasına 4 il qalmış cəmiyyətin tələblərinin heç olmasa bəzilərini eşidərək acı gerçəkliyin bəlalarını mikroskopik şəkildə azaltmaqla baş qatmağa çalışacaq.
Halbuki Ovik Abramyanın baş nazir olduğu ölkənin yaşamını və xüsusilə də iqtisadiyyatı bataqlıqdan çıxarmaq üçün ənənəvi, süni addımlar yetərli deyil.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04
2024-12-24 14:16:06
2024-12-24 12:51:01
2024-12-24 11:40:04
2024-12-24 11:25:05
2024-12-24 10:55:01
2024-12-24 00:58:20
2024-12-24 00:48:22
2024-12-24 00:31:37
2024-12-24 00:25:03
2024-12-24 00:18:55
2024-12-23 23:55:40
2024-12-23 23:44:02
2024-12-23 23:19:16
2024-12-23 22:36:17