Paris gözləntiləri...
Qarabağ danışıqları: proses var, amma ümid uzaq üfüqlərdə itib-batıb
Azərbaycan və Ermənistan prezidentlərinin gələn həftə Parisdə Fransanın dövlət başçısı Fransua Ollandın vasitəçiliyi ilə keçirəcəyi görüş Dağlıq Qarabağ danışıqlarında irəliləyişə gətirəcəkmi?
Əslində, sual ritorikdir, Qarabağ danışıqlarının keçmiş praktikası, İrəvanın mövqeyi və vasitəçilərin işğalçının nazı ilə oynaması optimizmə qapılmaq üçün heç bir əsas vermir. Bir sözlə, Avropanın müxtəlif paytaxtarında keçirilən görüşlər kimi, Parisdə də hansısa irəliləyişlərin olacağına ümidlər azdır.
Baxmayaraq ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan cümə axşamı jurnalistlərə bildirib ki,
Ermənistan tərəfi oktyabrın 27-də keçiriləcək Paris görüşünə konstruktiv əhval-ruhiyyə ilə gedir. Onun sözlərinə görə, İrəvan Fransa Prezidenti Fransua Ollandın bu təşəbbüsünü yüksək qiymətləndirir: "Paris görüşü son üç ay ərzində həmsədr ölkələr tərəfindən təşəbbüs göstərilən sayca ikinci görüş olacaq. Bu, həmsədr ölkələrin Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesində irəliləyişə nail olması üçün yekdil fəal səylər göstərmək qətiyyətlərini nümayiş etdirir".
Nalbandyanın "şən ovqatı" aydındır, Paris onlar üçün yad şəhər deyil: hər halda Fransa erməni diasporunun güclü mövqeyə malik olduğu bir ölkədir. Görüşün təşkilatçısı olan Fransa isə nəyəsə nail olunacağına ümid bağlamır. Hər halda, Fransanın İrəvandakı səfiri Anri Reno bildirib ki, görüşün məqsədi Qarabağ münaqişəsinin həllinin tapılması istiqamətində "danışıqlara təkan verməkdir". İndiyədək belə istəklər, bəyanatlar çox olsa da, Qarabağ danışıqları onu ölü nöqtədən tərpədəcək təkanı tapa bilməyib. Bir sözlə, Qarabağ danışıqlarında hansısa prosesin getməsi illüziyası var (bunu münaqişə tərəflərinin liderləri və XİN başçılarının vaxtaşırı bir araya gəlməsi, ATƏT-in Minsk qrupu həmsədrlərinin regionda görünmələri yaradır), amma ümid uzaq üfüqlərdə itib-batıb...
Yeri gəlmişkən, politoloqlar Elman Nəsirli və Elxan Mehdiyev "Media forum" saytına Paris görüşü ilə bağlı gözləntilərindən danışıblar.
Elman Nəsirov deyib ki, danışıqlara bəri başdan kölgə salan hadisələr baş verir: "Ermənistan öz ampluasındadır. Danışıqlar prosesini pozmaq üçün İrəvan hər zaman ya atəşkəs rejimini kəskin şəkildə pozur, ya da prezident, xarici işlər naziri, müdafiə naziri hərbi ritorikaya söykənən bəyanatlar verir, görüş mənasız olur. Bu dəfə əsir götürülmüş azərbaycanlılara qondarma məhkəmə prosesi qurmaq istəyirlər. Oktyabrın 27-də prezidentlərin görüşü təşkil olunur, həmin gün Xankəndidə girov azərbaycanlılara qeyri-qanuni məhkəmə qurulursa, deməli, Ermənistan narazılıq üçün yeni əsaslar yaradır.
Ermənistanın bütün gedişləri danışıqları nəticəsiz etmək və status-kvonu qoruyub saxlamağa hesablanıb. Ona görə bu hadisələr fonunda danışıqların pozitiv nəticələrinə xüsusi bir ümid yoxdur. Dünya, o cümlədən Rusiya mətbuatı bir fikri önə çəkir ki, Vladimir Putin avqustda prezidentlərin görüşünü təşkil edərkən prosesin payızda davam edəcəyini bəyan edib. Bu baxımdan daha çox maraq doğuran Rusiya prezidentinin yeni görüş təşkil edəcəyi, hansısa nəticələrin əldə olunacağıdır".
Elxan Mehdiyev isə deyir ki, Paris görüşü haqda daha çox erməni tərəfə baxaraq fikir söyləyə bilir: "Qarşı tərəf üçün bu görüş sadəcə danışıqları, işğalı uzatmaq, vaxt qazanmaq, məsələni 2015-ci ilə keçirmək üçün yeni mərhələdir. Gələn il qondarma erməni genosidinin 100 illiyidir, niyyət dünyanın bütün liderlərini İrəvana yığmaq və ermənilərin tarixdə genosidə məruz qaldıqlarını göstərmək, rəğbət qazanmaqdır. Növbəti ildə də onlar danışıqlar mərhələsini daha asan aşmağa çalışacaq, prosesi 2016-cı ilə keçirəcəklər.
Ermənistanın strategiyası məsələni uzatmaqdır. Fransa tərəflər arasında inam yaratmağa çalışacağını deyir. İşğal kənarda qalıb, vasitəçilərin, Fransanın təşəbbüsü ona yönəlib ki, işğalı uzatmaq üçün təmas xəttində inam yaradan tədbirlər görülsün. Bu kimə lazımdır: Azərbaycan xalqına? Bizə torpaqları işğaldan azad etmək lazımdır, yoxsa təmas xəttində ermənilərə sakitlik yaratmaq? Paradoksal vəziyyət yaranıb".
APA-nın sorğusuna cavab olaraq dünən ATƏT-in mətbuat xidmətindən bildirilib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündə sülh sazişinin əsas məqamları üzərində ciddi müzakirə gözləyirlər: "Həmsədrlər hesab edirlər ki, Minsk Qrupu tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini etibar etdiyi yeganə formatdır. Azərbaycan və Ermənistan rəhbərlikləri də həmsədrlərin səylərini dəstəklədiklərini ictimai şəkildə bəyan ediblər, biz də sülhə nail olmaq istiqamətində tərəflərə yardım etməyə hazırıq".
Həmsədrlər həmçinin Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olmasının münaqişənin həlli prosesinə təsir etməyəcəyi fikrindədirlər.
Separatçı Dağlıq Qarabağ rejiminin azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərov üzərində 27 oktyabr tarixinə məhkəmə təyin etməsi xəbərinə isə həmsədrlər şərh vermək istəməyiblər.
Qeyd edək ki, hazırda Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri üzrə aparılır. Madrid sənədinə görə, Ermənistan qoşunları ilk mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilandan çıxmalı, Laçın və Kəlbəcər ikinci mərhələdə boşaldılmalıdır. Prinsiplər Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını, Dağlıq Qarabağın yekun statusunu həmin bölgədə keçiriləcək referendumda müəyyən etməyi də nəzərdə tutur.
Fuad
Digər Xəbərlər
2024-12-25 01:11:53
2024-12-25 00:47:19
2024-12-25 00:21:26
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:35:14
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07
2024-12-24 14:54:04