"The Algemeiner": "Yəhudilər Erməni
Legionunun satqınlığını heç vaxt unutmayıb"
Amerika yəhudi diasporunun populyar "The Algemeiner" qəzetində beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qutun "Ermənistanda antisemitizm: birbaşa və aşkar təhdid" sərlövhəli məqaləsi dərc edilib.
Bu barədə israilli ekspertin özü məlumat verib.
Ermənistanda millətçilik və antisemitizm probleminə həsr olunmuş bu məqalənin müəllifi yazır ki, Ermənistanda antisemitizm və ksenofobiya mif deyil, kədərli reallıqdır. Arye Qut yazır: "Ermənistanda azlıq təşkil edən yəhudilərin sayı və yəhudi xalqının oradakı irsi Sovet İttifaqı dağılandan sonra kəskin şəkildə azalıb. Ermənistanda antisemit əhval-ruhiyyənin güclənməsi və bu ölkənin hələ də davam edən iqtisadi iflası yəhudiləri Ermənistandan qaçmağa məcbur edib. Cəmi 20 il ərzində Ermənistanın yəhudi əhalisinin sayı azalaraq 5000 nəfərdən bir neçə yüz nəfərə enib".
Müəllif qeyd edir ki, Ermənistanda yəhudilərə qarşı "mədəni zorakılıq" tətbiq olunur: antisemit məzmunlu kitablar nəşr edilir, televiziyada bu ruhda verilişlər yayımlanır, İrəvanda Holokost qurbanlarının memorial lövhəsi dəfələrlə murdarlanıb.
"Tamamilə aydındır ki, başqa ölkələrdə də əhalinin bir hissəsinin nadanlığı üzündən belə faktlar baş verir. Ermənistanda isə antisemit baxışlar və fikirlər erməni siyasətçilərinin və Ermənistanın KİV nümayəndələrinin baxışlarının ayrılmaz tərkib hissəsinə çevrilib. 2004-cü ildə iqtidarpərəst radio verilişinin aparıcılarından biri dalbadal bir neçə ay ərzində antisemit əhval-ruhiyyəli çıxışlar edərək, Ermənistanda bu əhval-ruhiyyəni yayırdı. Ermənistanın tanınmış siyasətçilərindən biri tam sərbəst şəkildə yəhudilərə qarşı sensasiyalı təhqiramiz xarakterli bəyanatlarla çıxış edirdi, son nəticədə Ermənistan hökuməti ictimai rəylə hesablaşmağa, həmin siyasətçiyə qarşı tədbirlər görməyə və onu həbsə almağa məcbur oldu", - israilli ekspert yazıb.
Qut qeyd edir ki, Antidiffamasiya Liqasının 2014-cü ilin iyun ayında apardığı sonuncu rəy sorğusu Ermənistanda antisemitizm səviyyəsinin (58 faiz) öz miqyasına görə bütün Avropada üçüncü, postsovet məkanında və Şərqi Avropa ölkələri arasında isə ən yüksək olduğunu göstərib: "Beləliklə, Ermənistanın 2,2 milyon sakinindən təxminən 1,3 milyonu antisemit əhval-ruhiyyəli insanlardır. Ermənistanda antisemitizmin bu yüksək səviyyəsini yalnız Yaxın Şərqdə İsrailə düşmən olan ərəb ölkələrindəki vəziyyətlə müqayisə etmək olar. Antidiffamasiya Liqası tərəfindən aparılmış sorğunun nəticələrinə görə, ermənilərin 63 faizi yəhudilərə onların davranışına görə nifrət edir, ermənilərin 45 faizi hesab edir ki, yəhudilər Holokost barədə əvvəlki kimi yenə də hədsiz çox danışır, ermənilərin 38 faizinin fikrincə, dünya müharibələrinin əksəriyyətinə görə məsuliyyət yəhudilərin üzərinə düşür. Zənnimcə, bu rəqəmlər Ermənistan cəmiyyətində antisemitizmi aşkar əks etdirir".
Arye Qutun fikrincə, dünya yəhudilərini Ermənistanda antisemitizm problemləri ilə yanaşı bir məsələ də narahat edir ki, ermənilərin millətçiliyi nəticəsində 250 min azərbaycanlı Ermənistandakı doğma yurdlarını - etnik azərbaycanlıların yaşadığı 172 qəsəbəni, sakinləri qarışıq milli tərkibli 89 kəndi və 6 şəhəri tərk etməyə məcbur olub, bu prosesdə 226 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib.
Beynəlxalq "Justice for Khojaly" kampaniyasının İsrail dövlətindəki rəsmi əlaqələndiricisi Arye Qut yəhudi diasporunun ən populyar "The Algemeiner" qəzetində daha sonra yazır: "Ermənistanın indiki rəhbərliyi tərəfindən təsvirəgəlməz qəddarlıqla törədilmiş Xocalı kütləvi qırğını XX əsrin ən dəhşətli faciələrindən biri olub. Danılmaz tarixi faktdır ki, erməni silahlı qüvvələri Xocalı şəhərini və ətraf ərazini tərk etməyə macal tapmamış Xocalı sakinlərindən heç birinə rəhm etməyiblər. Erməni silahlı qüvvələrinin törətdiyi vəhşiliklər nəticəsində bu sakinlərdən 613-ü qətlə yetirilib, 487-si şikəst edilib, 1275 nəfər qoca, uşaq və qadın əsir götürülərək ağlagəlməz işgəncələrə, qəddar davranışa və təhqirlərə məruz qalıb. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal etmiş təcavüzkar dövlətdir. Ermənistan tərəfindən törədilmiş işğal və etnik təmizləmə nəticəsində bu gün Azərbaycanda bir milyon qaçqın yaşayır. Bu münaqişə və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi Cənubi Qafqaz regionunda sülhə və təhlükəsizliyə təhdid mənbəyi olaraq qalır".
Müəllif vurğulayır ki, Ermənistanın yəhudi icması İkinci Dünya müharibəsi zamanı Vermaxtın tərkibindəki 2000 nəfərlik Erməni Legionunun qəddarlığını və satqınlığını heç vaxt unutmayıb.
Beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut öz məqaləsini bu fikirlərlə tamamlayır: "Minlərlə yəhudinin qətlə yetirilməsində şəxsən iştirak etmiş millətçi qoşun başçısı Dro başda olmaqla erməni legionunun məqsədi alman ordusu üçün "arzuedilməz" yəhudilərin və başqa millətlərin məhv edilməsi idi. Erməni legionu cəza düşərgələrində ölüm marşları təşkil edirdi. Bu şəraitdə təəccüblənməyə dəyməz ki, Ermənistanın yəhudi əhalisinin əksəriyyəti ya Ermənistandan qaçır, ya da diqqəti çox cəlb etməmək üçün ermənilərlə nikah bağlayırdı. Təəssüf ki, Ermənistan hökuməti ölkədə get-gedə genişlənən antisemitizmi cilovlamaq üçün praktiki olaraq heç bir tədbir görmür. Ermənistan məhdud millətçilik siyasəti yeritdikcə, özünün iqtisadi və siyasi problemlərinə görə başqalarını təqsirləndirdikcə Ermənistanda qalan bir neçə yüz yəhudi əziyyət çəkməkdə davam edəcək".
Digər Xəbərlər
2024-12-25 20:45:52
2024-12-25 20:39:47
2024-12-25 20:25:10
2024-12-25 19:49:35
2024-12-25 19:32:24
2024-12-25 19:14:32
2024-12-25 18:15:56
2024-12-25 17:38:00
2024-12-25 17:17:17
2024-12-25 17:02:00
2024-12-25 16:58:00
2024-12-25 16:39:09
2024-12-25 16:28:00
2024-12-25 16:03:13
2024-12-25 15:57:07
2024-12-25 15:53:00
2024-12-25 15:20:25
2024-12-25 15:19:20
2024-12-25 15:15:15
2024-12-25 15:09:11