Qulu Ağsəsin adını siyahıdan kim və niyə çıxarır?
13:42 12-05-2012
SİYASƏT
Qulu Ağsəsin adını siyahıdan kim və niyə çıxarır?
"AYB-nin ev siyahısı ilə bağlı yaranmış gərginlik və bu mövzuda aparılan müzakirələr qurumun sədri Anarı o həddə gətirib ki, o, ölkəni tərk etməli olub"
Ötən ay Azərbaycan Yazıçılar Birliyinin mənzillə təmin olunan üzvlərinin siyahısı açıqlandı. Siyahı açıqlanandan sonra bir çox narazılıqlar yarandı. Hətta uzun müddət ev növbəsində olan yazıçı və şairlərin adları siyahıya salınmadığı məlum oldu.
AYB-nin məlum siyahısına adı düşməyən şairlərdən biri də "Ulduz" jurnalının baş redaktor müavini Qulu Ağsəsdir. 1998-ci ildən AYB katibi Fikrət Qocanın tövsiyəsi ilə quruma mənzillə bağlı müraciət edən Q. Ağsəsin sənədləri 2005-ci ildə katib Arif Əmrahoğlunun iştirakı ilə təkrar qeydiyyata alınıb. 2006-cı ildə AYB sədri Anar bir neçə yazıçının ev məsələsilə bağlı prezidentə etdiyi müraciətdə Q. Ağsəsin də adı yer alıb. Sonuncu dəfə siyahı Mədəniyyət və Turizm Nazirliyinə göndərilib. Hər şey də bundan sonra başlanıb. Siyahı açıqlananda məlum olub ki, Q. Ağsəsin sənədləri müraciət edilənlər arasında yox imiş. Bundan sonra yazıçı Anara məktubla müraciət edərək adının niyə siyahıdan çıxarıldığını, sənədlərinin hansı səbəbdən yoxa çıxdığını soruşub. Məktub katiblikdə müzakirə olunduqdan sonra ona adının yenidən siyahıya salınması üçün bir daha sənədlərini toplayıb verməsini tövsiyə ediblər. Şair tələb olunan kimi də prosesi yerinə yetirib. Lakin sonuncu dəfə siyahı mətbuata açıqlananda Q. Ağsəsin adına yenə də rast gəlinməyib.
Bu zaman belə sual yaranır. Sənədləri kim itirir? Sənədlər arasında Q. Ağsəsin qovluğu niyə yoxdur? Sənədlərin itirilməsinə görə kim cavabdehdir?
AYB-nin katibi Fikrət Qoca ilə əlaqə saxlayıb məsələyə münasibətini öyrəndik. F.Qoca bildirdi ki, sənədlərin necə itməsilə bağlı onda məlumat yoxdur: "Belə şeyləri mən bilmirəm. Beş katibin imzası ilə Səbayel Rayon İcra Hakimiyyətinə məktub yazmışıq. Sənədlər İcra Hakimiyyətində itib. Onlar araşdırırlar" .
AYB-nin Gənclər üzrə katibi Rəşad Məcid: "Ev məsələsi mənlik deyil. Mən bu işə qarışmıram. Arif Əmrahoğlu ilə danışsanız dəqiq bir şey söyləyər" .
Arif Əmrahoğlu da bildirdi ki, Yazıçılar Birliyi və özü şəxsən bu işlə məşğuldur. Nəticə əldə olunanda məlumat veriləcək.
Səbayel Rayon İcra Hakimiyyətindən bildirilib ki, bura dövlət qurumudur və burada heç bir sənəd itə bilməz: "Bizə daxil olan bütün sənədlər qeydiyyatdan keçirilir, arxivdə saxlanılır. Bura Yazıçılar Birliyinin korrektor otağı deyil ki, qalsın hər hansı qovluğun arasında. Yazıçılar Birliyi çox şey deyə bilər" .
O da qeyd olunub ki, İcra Hakimiyyətinin Hüquq və Ümumi şöbələri ilə əlaqə saxlanılıb və məlum olub ki, bu ilin əvvəlindən Yazıçılar Birliyindən onlara hər hansı sənəd daxil olmayıb.
Əldə etdiyimiz məlumata görə, son günlər AYB-nin ev siyahısı ilə bağlı yaranmış gərginlik və bu mövzuda aparılan müzakirələr qurumun sədri Anarı o həddə gətirib ki, o, ölkəni tərk etməli olub. Hazırda Anar müəllimin Türkiyədə olduğu və qeyri-müəyyən müddətdə bu ölkədə qalacağı gözlənilir.
Mövzunu davam etdirəcəyik.
Nigar Məmmədli
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35