Sabunçu Rayon İcra Hakimiyyəti 4 ay əvvəl rayonunun Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində 1 yaşlı uşağı qonşuya verib yoxa çıxan qadının tapılması ilə bağlı məsələyə münasibət bildirib.

Unikal.org xəbər verir ki, Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Səbahət Hümbətova trend-ə açıqlamasında deyib ki, uşaq Sabunçu Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsinin əməkdaşları və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarından ibarət komissiya tərəfindən təhvil alınaraq tibbi müayinə olunub və Sabunçu rayonundakı 1 saylı Körpələr Evinə təhvil verilib: "Dünən tanımadığımız bir xanım bizə müraciət edərək uşağın anası olduğunu bildirdi. Bildirdi ki, guya uşaq onundur və həyat yoldaşı onu aldadaraq atıb qaçıb.

Ondan uşağın sənədlərini istədik, vermədi. Bildirdi ki, guya həyat yoldaşı onu aldadıb qaçdığına görə, uşağa doğum haqqında şəhadətnamə ala bilməyib. Qadının özünün sənədlərini istədik, özünün də sənədlərinin olmadığını bildirdi. Guya qadın azyaşlı olarkən oğurluq faktına görə saxlanılıb və həmin vaxt doğum haqqında şəhadətnaməsi Sabunçu rayon məhkəmə qərarları icra şöbəsində qalıb. O vaxtdan sonra qadın həmin sənədi sözügedən qurumdan almayıb. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün də ona şəxsiyyət vəsiqəsi verilməyib".

S.Hümbətova bildirir ki, söhbət zamanı qadından uşağa doğum evindən verilən arayış və ya uşağın ona məxsus olması barədə hər hansısa bir sənəd istəsək də, o, heç bir sənəd təqdim etmədi: Uşağı dünyaya gətirdiyi doğum evindən arayış və uşağa həmin sənəd əsasında doğum haqqında şəhadətnamə alması barədə onunla izahat işi apardıq. Qadını bu məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göndərdik".