Ailə münaqişəsi Gəncədə qanla bitib.

Unikal.org Region Tv-yə istinadən bildirir ki, qətli törədən şəxs həyat yoldaşına çoxsaylı xəsarətlər yetirib. Ərlə-arvad arasındakı mübahisəni sakitləşdirmək istəyən baldız da payını alıb. Hər iki bacı xəstəxanaya aparılsa da, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

33 yaşlı Ruslan Qurbanov Cavad Xan qəsəbəsində yaşayan baldızı Nailə Vəliyevanın yaşadığı evə gələrək, həyat yoldaşı 32 yaşlı Məhəbbət Vəliyevanı bıçaqlayıb. Sonuncu aldığı bıçaq yarasından sonra ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Nailə Vəliyeva - qətlə yetirilən şəxsin bacısı: "Qızı bıçaqlayırdı. Dəfələrlə döyürdü də. Təhqir edirdi. O qız getmirdi. Deyirdi ki, ay bacı, məni bıçaqlıyır, döyür. Mən də yiyəsizəm. Kimin qapısına getməlidir? Mənim qapıma gəlməlidir. Bacım bizim evdə idi. Bir də gördük həyat yoldaşı əlində bıçaq içəri daxil oldu. Çatan kimi ona bir neçə zərbə endirdi".

Ərlə arvad arasında yaranan münaqişəni sakitləşdirməyə cəhd edən 33 yaşlı Nailə Vəliyeva da yeznəsinin qəzəbinə tuş gəlib. Ruslan Qurbanov əlindəki bıçaqla baldızının bud nahiyəsinə xəsarət yetirib. İlkin tibbi yardımdan sonra həkimlər Nailə Vəliyevada həyati təhlükənin olmadığını deyirlər.

Elbrus Elyazov - həkim: "Vəliyeva Nailə Şəmistan qızı təcili yardım maşını ilə xəstəxanaya gətirilib. Xəstənin sol budunun ön səthində bir bıçaq yarası aşkarlandı. Lazımı tibbi yardım göstərildikdən sonra evə buraxıldı. Dediyinə görə, münaqişə zəminində yeznəsi tərəfindən bıçaqlanıb".

Hələlik Ruslan Qurbanovun saxlanılması mümkün olmayıb. Bu istiqamətdə əməliyyat axtarış tədbirləri davam etdirilir.