Oktyabrın 22-də Quba şəhərində sərhədyanı ərazilərdə daxili işlər orqanlarının və polisin qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi üzrə Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin İxtisaslaşdırılmış İşçi Qrupunun növbəti iclası keçirilib.
Unikal.org DİN-nin saytına istinadən xəbər verir ki, tədbir iştirakçıları sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin təmini, ekstremizm və terrorçuluğun qarşısının alınması, transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli növləri ilə mübarizə sahələrində Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər Nazirlikləri arasında əməkdaşlığın perspektivlərinə, həmçinin, cinayətkarlıqla mübarizənin prioritet istiqamətlərinə, o cümlədən İxtisaslaşdırılmış İşçi Qrupunun ötən ildəki fəaliyyətinin yekunlarına, onun 2017-2018-ci illər üçün Planının müzakirəsi və təsdiqinə, sərhədyanı ərazilərdə "Sərhəd-Sipər" kompleks əməliyyat-profilaktiki tədbirlərin təşkili və həyata keçirilməsinə, axtarışda olan şəxslər barədə məlumatların mübadiləsinə dair məsələləri müzakirə ediblər.
Görüşdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, respublika daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov indiki görüşün də Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha dərinləşdirilməsi kursunun, əvvəllər əldə olunmuş razılaşmaların dönmədən həyata keçirilməsinin əyani təsdiqi olduğunu vurğulayıb, ölkəmizdəki əlverişli kriminogen durum, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində birgə əməkdaşlığın nəticələri barədə qonaqlara ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
Qeyd olunub ki, müasir təhdid və təhlükələrin qarşısının birgə alınması üçün tərəflər qarşılıqlı şəkildə razılaşdırılmış optimal qərarlar hazırlayaraq qəbul ediblər. Əməkdaşlıq üçün əsas baza, heç şübhəsiz ki, ictimai təhlükəsizliyin təmin olunmasında, eyni zamanda, beynəlxalq terrorçuluq və trasmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə dəqiq işbirliyi olub. Hər iki dövlətin Daxili İşlər nazirliklərinin sahələrarası xidmətlərinin sıx əlaqəli fəaliyyəti nəticəsində son illər böyük əks-səda doğurmuş minlərlə cinayəti açmaq, çoxsaylı dayanıqlı transmilli kriminal birlikləri zərəsizləşdirmək, bir sıra təhlükəli cinayətkarları yaxalayaraq ekstradisiya etmək mümkün olub. Təkcə 2015-ci ildə və cari ilin 9 ayında birgə səylərlə Rusiya Federasiyasının ərazisində axtarışda olan 87 nəfər tutulub. Rusiya tərəfindən dövlətlərarası axtarışa elan edilmiş 371 şəxsin yeri ölkəmizdə müəyyən olunub ki, onların da ekstradisiyasına lazımi köməklik göstərilib.
Tərəflər sərhədyanı ərazilərdə cinayətkarlığın vəziyyətini müzakirə edib, insan hüquqlarına və milli qanunvericiliyin normalarına ciddi riayət olunmaqla əməliyyat şəraitinə daha əməli təsir göstərirlməsinin yolları, forma və metodları barədə geniş fikir mübadiləsi aparıblar. Kriminogen durumun inkişaf tendensiyaları, onun mənfi təzahürləri, axtarışın və itkin düşənlərin göstəriciləri təhlil edilərək mövcud beynəlxalq hüquqi baza və qəbul olunmuş sənədlər əsasında əməkdaşlığın gücləndirilməsinin zəruriliyi vurğulanıb.
Görüşdə sərhədyanı ərazilərdə daxili işlər orqanlarının və polisin qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi üzrə Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin İxtisaslaşdırılmış İşçi Qrupunun fəaliyyətinə dair maraqlı fikir mübadiləsi aparılıb, bu qurumun işinin səmərəliyinin artırılmasına dair bir sıra konkret təkliflər irəli sürülüb. Ümumən, görülən işlər müsbət qiymətləndirilib, sərhədyanı zonaların ərazi və xətt polis orqanları arasında peşəkar əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş əlavə səylərin göstərilməsi tövsiyə olunub.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin rəisi, polis general-mayoru Sergey Baçurin ikitərəfli əməkdaşlığa yüksək qiymət verərək onun daim yeni əməli məzmunla zənginləşdiyini, son illər belə səmərəli və faydalı işbirliyi sayəsində cinayətkarlıqla mübarizənin bir sıra sahələrində müsbət nəticələr əldə edildiyini vurğulayıb, peşəkar əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə Rusiya Federasiyası Dağıstan Respublikasının daxili işlər naziri, polis general-leytenantı Abduraşid Maqomedov, Azərbaycan və Dağıstan DİN-lərin aidiyyatı baş idarə və idarə rəisləri, hər iki ölkənin sərhədyanı bölgələrinin polis orqanlarının rəisləri və digər məsul şəxslər iştirak ediblər.
Səmimi və işgüzar şəraitdə keçən iclasın nəticələrinə dair yekun sənədlər, o cümlədən müvafiq protokol imzalanıb.
Rusiya Federasiyası DİN-in nümayəndə heyətinin üzvləri onlara göstərilən qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə azərbaycanlı həmkarlarına minnətdarlıqlarını bildiriblər.