Artıq 2016-cı ilin başa çatmasına saatlar qalıb. Qarşıdan gələn 2017-ci Xoruz ili üzərində təhvil olunur. 

Unikal.org xəbər verir ki, Lent.az bu münasibətilə Azərbaycan şou-biznesinin bir çox tanınmışları arasında sorğu edib. Məşhurlarımız yeni ili harda? Necə qarşılayacaq?

Xalq artisti Aygün Kazımova: "Artıq bir neçə gündür ki, evimizdə yolka qurmuşuq. Amma hər il olduğu kimi, bu il də yeni ili evdə yox, səhnədə qarşılayacam. Mənim üçün bu, daha xoşdur. Təzə ildə arzum odur ki, vətənimiz daha da firavan olsun. Qarabağımız düşməndən azad olsun. Bu, mənim ən əsas arzularımdan biridir. Yaradıcılığa gəldikdə isə bir çox layihələrə imza atacağam. Yeni mahnılar və kliplər də öz yerində.

Müğənni Nadir Qafarzadə: "Bu yeni ili öz evimdə - Azərbaycanda qeyd edə bilməyəcəm. Ona görə də evimizdə yolka qurmamışıq. Yeni ili ömür-gün yoldaşım və iki oğlumla birgə Ukraynanın Lvov şəhərində qarşılayacağıq. Bura çox maraqlıdır. Əsl qış və yeni il abu-havası hökm sürür. Təzə il münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Bol ruzi-bərəkət, can sağlığı arzu edirəm.

Müğənni Nazənin: "Yeni ili qarşılamağa bir neçə saat qalmış özəl məkanların birində səhnə alacam. Daha sonra evimə gəlib, övladlarım və nəvələrimlə birgə yeni ili qeyd edəcəm. 2016-cı il mənim üçün çox düşərli oldu. Adımı daşıyan nəvəm Nazənin dünyaya göz açdı. Sənətdə də uğurlarım bol oldu. İfa etdiyim mahnılar dillər əzbəri oldu. Qarşıdan gələn yeni il münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm.

"Toylar kralı Manaf Ağayev: "Hər il evimizdə yolka qururuq. Düzdü, bunu mən yox, oğlum quraşdırır. Gələn ildə yaradıcılığımda bir çox yeniliklər edəcəm. Təzə ildə arzum budur ki, 2017-ci ildə firavanlıq olsun. Canımız da sağlam olsun. İnşallah, gələn il yeni ili doğma yurdumuz Qarabağda keçirək. Mənim bundan böyük arzum ola bilməz.

Aşıq Samirə Əliyeva: "Əslində, 2016-cı il sənət baxımından mənim üçün elə də uğurlu olmadı. Yəni yerimdə qaldım. Təzə ildən isə gözləntilərim çoxdu. Üzümüzə gələn ili uşaqlarım və ailəmin əhatəsində qeyd edəcəm. Evdə uşaqlarımla birgə yolka quraşdırmışıq. Arzum budur ki, Azərbaycan xalqı hər zaman belə firavan yaşasın, insanların canı sağlam olsun.

Müğənni Rəşad İlyasov: "Düz 1994-cü ildən bəri, yəni 12 ildir ki, yeni ili evdə qarşılamıram. Bu il də iş başında olacam. Təzə ildən arzum budur ki, vətənimiz firavan, canımız sağlam olsun.

Müğənni Günay İbrahimli: "2017-ci ildən gözləntilərim həddindən artıq çox olacaq. Çünki gələn il sənət fəaliyyətimin 10 illiyi tamam olur. İnşallah, bu 10 illiklə bağlı Heydər Əliyev adına Sarayda konsertim gözlənilir. Yeni mahnılar, kliplər vəd edirəm. Yeni layihələrim, fotosessiyalarım da olacaq. Bundan başqa yeni illə bağlı fotosessiya da etdirmişəm. Sonda Azərbaycan xalqının yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edirəm.

Müğənni Şəbnəm Tovuzlu (Əsədova): "Üzümüzə gələn ili səbirsizliklə gözləyirəm. Çünki həmin ildə oğlumu dünyaya gətirəcəm. Bu, mənim üçün dünyanın ən böyük hədiyyəsi olacaq.

Müğənni Sevinc-Sevil, əkiz bacılar:"Bu il heç bir iş götürmədik. Çünki atamız ilk ildir ki, evdə olmayacaq, ona görə də anamızın yanında olacağıq. Heç bir özəl məclisə getməyəcəyik. Evdə olacağıq.

Müğənni Niyam Salami: "Hər il yeni ili səhnədə qarşılayıram. Nə edək? Müğənniyik, bizim də pulumuz oxumaqdan çıxır. Yəqin, bu il də belə olacaq. Yeni ildə isə bir çox yeniliklərim olacaq. Bunları söz olaraq demirəm, görəcəksiniz.

Müğənni Kərim Abbasov: "Yeni ili iş başında yox, ailəmlə birgə qaşılayacam. Anam, atam, qayınatam, qayınanam da bizimlə olacaq. 2017-ci ildən gözləntilərim çoxdur. Təməlini 2016-cı ildə qoyduğum bir layihəni təzə ildə təqdim edəcəyəm. Bu partlayışlı bir iş olacaq. Hər kəs bu layihədən danışacaq.

Əməkdar artist Mətanət İsgəndərli: "Hər zaman olduğu kimi övladlarımın və nəvələrimin əhatəsində olacağam. Yeni ildə arzum budur ki, insanların canı sağlam olsun.

Müğənni Elvin Abdullayev: "Artıq 9 ildir ki, Yeni il gecəsi ailəmdən uzaqda, tədbirlərdə oluram. Çünki bayram axşamı hər yerdə tədbirlərim olur. Bu il söz vermişəm ki, bayramı ailəmlə keçirəcəm. Ona görə də heç bir tədbirə qatılmayacam. Ailəmlə birlikdə öz evimdə olacağam. Əlbəttə, iş də önəmlidir, onsuz alınmır. Amma bu il söz vermişəm ki, bərabər olacağıq. 2017-xi ildən Allahdan hər kəsə bol ruzi, uğir arzulayıram. Şou-biznesdə isə barışmayan, danışmayan qalmasın. 2016-cı ildən narazı deyiləm, yaxşı keçdi. Amma 180 dərəcə dəyişiklik olmadı. 2017-ci ildən isə yaradıcılığımla bağlı bir çox yeniliklər gözləyirəm. İlk növbədə konsert, ikinci çoxlu klip, mahnı istəyirəm. Ən əsası isə can sağlığı. Allah hər il məni və sənət dostlarımı zirvələrə qaldırsın. Öz ölkəmizdə istədiyimizi edirik onsuz. 2017-ci ildə isə Azərbaycanın hüdudlarında tanınmağı diləyirəm.

Qalmaqallı açıqlamaları və açıq-saçıq fotosessiyaları ilə gündəmə gələn müğənni Afaq Aslan: "Bir neçə gün olar ki, Gürcüstandan Bakıya gəlmişəm. Belə baxanda 2016-cı ildə uğurlarımla yanaşı, uğursuzluqlarım da oldu. Toyuma 1 həftə qalmış, sevgilimdən ayrıldım. Necə deyərlər, 2016 mənə qara gəldi. Amma 2017-dən çox şeylər gözləyirəm.