Lənkəran rayonunda 4 il əvvəl itkin düşən bacının qardaşı tərəfindən qətlə yetirildiyi məlum olub.

Unikal.org report-a istinadən xəbərinə görə, hadisə rayonun Nərimanabad 1 qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Ağayev Fuad Polad oğlu itkin düşən bacısı Təranə Ağayevanın öldürülməsində şübhəli şəxs qismində saxlanılıb.

F.Ağayev hüquq-mühafizə orqanlarına ifadəsində bacısı 1988-ci il təvəllüdlü T.Ağayevanı ailə münaqişəsi zəminində öldürdüyünü və meyidi Nərimanabad 1 qəsəbəsində yaşayış yeri olmayan ərazidə basdırdığını etiraf edib.

Yanvarın 4-də Lənkəran Rayon Prokurorluğunun əməkdaşlarının iştirakı ilə T.Ağayevanın meyidi basdırıldığı yerdən ekskumasiya olunacaq və ekspertizaya göndəriləcək.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

****

Daxili İşlər Nazirliyi (DİN) 2012-ci ildən itkin düşmüş Lənkəran rayon sakini Təranə Ağayevanın qardaşı Fuad Ağayev tərəfindən döyülərək qətlə yetirilməsi haqqında məlumat yayıb.
Unikal.org DİN-in rəsmi saytına istinadən xəbər verir ki, 2012-ci iyun ayının 17-də Lənkəran rayon sakini T.Ağayeva yaşadığı Nərimanabad qəsəbəsindəki evdən çıxıb və geri qayıtmayıb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında T.Ağayevanın həmin gün qəsəbə ərazisində qardaşı Fuad tərəfindən daşla döyülərək qətlə yetirilməsi və cəsədinin evinin yaxınlığında basdırılması müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində F.Ağayev tutulub. O, hadisəni törətdiyini etiraf edib.
T.Ağayevanın cəsədinin qalıqlarının eksqumasiya edilməsi üçün tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.

***
Qardaşı tərəfindən 4 il öncə qətlə yetirilmiş Lənkəran rayonunun Nərimanabad qəsəbə sakini, 1988-ci il təvəllüdlü Təranə Polad qızı Ağayevanın meyitinin eksqumasiya prosesi həyata keçirilib.
 
APA-nın cənub bürosunun məlumatına görə, prosesdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis-prokurorluq əməkdaşları, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinin həkim-ekspertləri iştirak ediblər. Lənkəran Rayon Prokurorluğu mərhumun meyitinin basdırıldığı yerdən çıxarılmasına,ekspertizadan keçirilməsinə qərar verib. Lakin cinayəti törətmiş şəxsin göstərdiyi yerdən T. Ağayevanın meyiti aşkarlanmayıb.
 
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.