Yanvarın 18-də Daxili İşlər Nazirliyində Daxili Qoşunların 2016-cı ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş naziryanı əməliyyat müşavirəsi keçirilib.
DİN-dən unikal.org-a verilən xəbərə görə, müşavirəni giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ildə cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, bütövlükdə ordu quruculuğu, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi sahəsində aparılan işlərin də geniş vüsət aldığını xatırladıb, Qoşunların maddi-texniki bazasının daha da möhkəmləndiyini, müasir silah və texnika alındığını, şəxsi heyətin sosial-məişət problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Nazir bildirib ki, hesabat dövründə Daxili Qoşunlar tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrin icrası istiqamətində bir sıra işlər görülüb, şəxsi heyət ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlıqla mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirak edib, yüksək döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlıq nümayiş etdirib.
Qeyd olunub ki, görülmüş işlər ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən layiqincə qiymətləndirilir. Bu ali diqqət və qayğı hərbi qulluqçulardan üzərlərinə düşən vəzifələri daha böyük məsuliyyətlə yerinə yetirməyi, sabitliyin, təhlükəsizliyin, əmin-amanlığın, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təminini, heç bir halda arxayınlaşmamağı tələb edir.
Daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov xidməti-döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib.
O deyib ki, hesabat dövründə Qoşunlarda döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə şəxsi heyətin praktiki bacarığının artırılması, fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, təlim-tədris bazasının inkişaf etdirilməsi döyüş təliminin başlıca vəzifələrini təşkil edib. Bununla yanaşı, polis orqanları ilə birgə qarşılıqlı əlaqənin və fəaliyyətlərin təkmilləşdirilməsi də təlim prosesində prioritet məsələlərdən olub.
Hərbi qulluqçuların mənəvi-psixoloji hazırılığının yüksəldilməsi, o cümlədən şəxsi heyətin Vətənə və hərbi anda sədaqət, hərbi nizamnamələrin tələblərinə sözsüz əməl edilməsi ruhunda tərbiyə olunması, onlarda xidmətin çətinliklərinə dözüm keyfiyyətlərinin formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Qeyd olunub ki, ötən il qarşıya qoyulan əsas tapşırıqlardan olan «Formula-1 Avropa Qran Prisi» yarışı və «42-ci Ümumdünya Şahmat Olimpiadası» kimi beynəlxalq tədbirlər zamanı hüquq-mühafizə orqanları ilə birlikdə Daxili Qoşunlar müəyyən edilmiş vəzifələri peşəkarlıqla həyata keçirib.
Qanunçuluğun, nizam-intizamın möhkəmləndirilməsi, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarına uyğun riayət olunması sahəsində həyata keçirilən ardıcıl tədbirlərin nəticəsi olaraq 2015-ci illə müqayisədə hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərin və kobud intizam pozuntularının sayı sabit qalıb, hadisələrin sayı 22 faiz, xəsarətlərin sayı isə 30,4 faiz azalıb.
Bildirilib ki, şəxsi heyətin kazarma-məişət şəraitinin müasir standartlara uyğunlaşdırılması, hərbi hissə və bölmələrin silah və xüsusi texnika ilə təchizatı istiqamətində işlər uğurla davam etdirilib. Hesabat dövründə məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Şirvan şəhərində yerləşən hərbi hissənin xidməti fəaliyyəti üçün bütün infrastruktur yaradılmaqla yeni hərbi şəhərcik salınıb ki, onun da yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, bir çox hərbi hissələrdə hərbi və məişət obyektlərinin təmiri aparılıb, lazımi avadanlıqlarla təmin edilərək yenidən istifadəyə verilib.
Müşavirəyə yekun vuran daxili işlər naziri ötən hesabat ilində Daxili Qoşunların fəaliyyətini, ümumən, yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışıb, onların həlli istiqamətində konkret tapşırıq və tövsiyələrini verib.
O deyib ki, əldə edilmiş müsbət nəticələrin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün bütün zəruri tədbirlər görülməli, qarşıya qoyulmuş tapşırıqların operativ və keyfiyyətli icrasına, döyüş xidmətinin təşkilinə və aparılmasına, döyüş təlimlərin keçirilməsinə xüsusi diqqət yetirilməlidir.
Bir neçə gün əvvəl dövlətimizin başçısının Naxçıvan Muxtar Respublikasında dislokasiya olunan hərbi hissələrə baxış keçirərkən bir daha döyüş qabiliyyəti ilə bərabər, əsgər və zabitlərin mənəvi-psixoloji durumunun yüksək səviyyədə olmasının vacibliyini vurğuladığını nəzərə çatdıran cənab Ramil Usubov bu baxımdan şəxsi heyət arasında vətənpərvərlik ruhunun, nizam-intizamın gücləndirilməsi ilə bağlı aparılan tərbiyəvi işin keyfiyyətinin artırılmasının, müvafiq vəzifələrin həllinə mütəxəssislərin, Daxili Qoşunların ictimai təşkilatlarının və şuralarının yaxından cəlb edilməsinin əhəmiyyətini önə çəkib.O da qeyd edilib ki, döyüş təlimi prosesində şəxsi heyətə yüksək nəzəri biliklər tədris olunmalı, praktiki bacarıqlar aşılanmalıdır. Fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinə, silahdan, xüsusi vasitələrdən və döyüş texnikasından düzgün və effektiv istifadə bacarığının artırılmasına böyük önəm verilməli, xüsusi təyinatlı və xüsusi vasitələrin tətbiqi bölmələrinin, habelə xüsusi və döyüş texnikası ekipajlarının praktiki fəaliyyəti, ekstremal şəraitdə və əməliyyatlarda düzgün, qətiyyətli qərar qəbul etmək bacarığı, döyüş hazırlığı yüksəldilməlidir.
Cari ildə Bakı şəhərində "IV İslam Həmrəyliyi Oyunları və "2017 Formula-1 Azərbaycan Qran Prisi kimi beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirələciyini xatırladan nazir bütün təşkilati tədbirlərin müəyyən edilmiş vaxtda icrasını, qüvvə və vasitələrin hər bir tədbir ərəfəsində tam hazırlıq vəziyyətinə gətirilməsini tələb edib.
Sonda nazir xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən bütün lazımi şərait yaradıldığını, şəxsi heyətin böyük dövlət qayğısı ilə əhatə olunduğunu bir daha vurğulayıb, bu ali diqqət və etimada cavab olaraq qanunla müəyyən edilmiş vəzifələrin bundan sonra da peşəkarlıqla yerinə yetiriləcəyinə, xalqa, dövlətə xidmət işinin daha böyük əzmlə davam etdiriləcəyinə əminliyini bildirib.