Misir millisinin sabiq futbolçusu Mohammed Abutrikanın adı ölkədə qadağan olunmuş "Müsəlman qardaşları İslam Hərəkatı ilə şübhəli bilinən terrorçular siyahısına daxil edilib.
Unikal.org apasport.az saytına istinadən məlumatına görə, bunu futbolçunun vəkili Mohammed Osman açıqlayıb.
Adı terrorçular sırasında göstərilənlərin hər birinə ölkədən çıxış qadağan olunub, hesabları dondurulub, pasportları etibarsız elan edilib. Vəkilin sözlərinə görə, Abutrika ona qarşı irəli sürülən ittihamlardan xəbərsiz olub və bu qərardan apelyasiya verəcək.
Misir hökuməti hələ 2015-ci ildə Abutrikanın şəriki olduğu turist şirkətinin bütün hesablarını dondurmuşdu. Buna səbəb "Müsəlman qardaşları İslam Hərəkatına maliyyə dəstəyi verməsi göstərilmişdi. Futbolçu özü isə bu ittihamları təkzib etmişdi.
Qeyd edək ki, Abutrika 2006-cı və 2008-ci illərdə Misirin heyətində Afrika Millətlər Kubokunun qalibi olub. O, 2007-ci və 2008-ci illərdə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) keçirdiyi sorğuya əsasən dünyanın ən populyar futbolçusu seçilib.