"Toy, əslində, qapalı keçəcəkdi, sadəcə qonaqlar arasından kimsə görüntüləri yayıb. Mən özüm heç bir video paylaşmamışam".
Unikal.org xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında əməkdar artist Rafael İsgəndərov deyib.
Bir müddət əvvəl qızına toy edən aktyor şəxsi həyatını reklam etməyi sevmədiyini bildirib. O deyib ki, məclisi qapalı keçirmək istəsə də, sənət dostları fotoları sosial şəbəkədə yayıb:
"Əslində, orada gizlin heç nə yox idi. Sadəcə, mən başqaları kimi şəxsi həyatımı reklam etmək istəmirəm, xoşlamıram bunu. Bu, mənim ailə işimdir, nə üçün mətbuatda işıqlanmalıdır ki?"
R.İsgəndərov "Bu şəhərdə"nin yeni konsertindən də danışıb:
"Konsert martda baş tutacaq. Kimləri parodiya edəcəyimizi öncədən deyə bilmərəm, amma həmişə olduğu kimi şou-biznes nümayəndələri olacaq".