"İfaçılar bir az tənbəlləşiblər, ideyaları tükənib. Amma elə ifaçılar da var ki, layihələri davam edir".
Unikal.org-un məlumatına görə, bu sözləri axşam.az-a açıqlama verən müğənni Roza Zərgərli bildirib.
O, şou-biznesdəki durğunluğu belə izah edib:
"Durğunluq yoxdur, böhran olsaydı, bu qədər təqdimat keçirilməzdi. Üç-dörd il qabaq bu qədər qalalar olmurdu. Əvvəllər çoxlu qalmaqal olurdu. İndi azalıb. Buna görə də müğənnilər az-az görünür. Maqazin proqramlarımız da azalıb. Cəmi iki-üç maqazin verilişimiz var. ARB-də yayımlanan maqazin proqramı səviyyəlidir. "ATV maqazin" isə illərdir davam edir, artıq tükəniblər. Nə qədər eyni beş adamı reklam etmək olar?".
Müğənni son zamanlar şou proqramlardan uzaq olmağının səbəbini açıqlayıb:
"İndi ürəyimcə olan şou verilişlər qalmayıb. Əyləncəli verilişlərə artıq çox da getmirəm. Təklif gələndə, seçimlər edirəm".
O, bu gün yazılan mahnılardan da danışıb:
"Daha məşhur müğənnilər seçimli olurlar. Hər mahnıya sərmayə qoyub aranjiman etmirlər. Bu da pop musiqinin püxtələşməyinin göstəricisidir. Bu gün mahnı yazan bəstəkar çoxdur, amma yaxşı mahnı yazan azdır. Ona görə də, yaxşı mahnıya yatırım etmək istəyirik. İndi hər atılan gülləyə qaçmırıq. Belə deyək ki, bicləşmişik artıq. Yaxşı mənada".
Roza yeni dueti barədə açıqlama verib:
"3 yeni mahnım işıq üzü görəcək. Həmçinin gənc ifaçı Valehlə duetimiz var. Bu mahnı türk sənət musiqisi ilə Azərbaycan pop-estradasının qarışığından ibarət olacaq. Səsi eynilə Mahsun Kırmızıgülün səsi kimidir. Onun bir mahnısı var "Youtube"da 1 milyon dəfə izlənilib. Sıradan bir gənc deyil. Mən sıradan biri ilə duet oxumaram. O, bir ilə məşhur olacaq bir simadır".
"Müğənni bir az efirdə görünməyən kimi deyirlər pulu qurtarıb. Sizin maddi sıxıntınız yoxdur" sualına ifaçı belə cavab verib:
"Maliyyə sıxıntılarım yoxdur. Kim dama-dama göl yaradırsa, onun maddi problemi olmur".
Müğənninin oxucuları ilə görüşəcək:
"Uzun müddətdir ki, oxucularımla görüşmürəm. Fevralın 14-ə yaxın "Sibir Çiçəyi" kitabımın imza günü olacaq".