Özünü Türkiyə vətəndaşı kimi göstərib 17 il gizləndi
Sumqayıt şəhər polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayon prokrorluğu tərəfindən 2000-ci ildən cinayət məcəlləsinin dələduzluq maddəsi ilə təqsirli bilinərək axtarışa verilən Sumqayıt şəhər sakini Sabir Əliyev saxlanılıb.
Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, o, kirayədə qaldığı şəxsin evini qeyri-qanuni yolla satmaqda təqsirləndirilərək 17 il əvvəl axtarışa verilib.
Sabir Əliyev - Saxlanılan şəxs: "Mən o evə kirayə getmişdim. Qadın deyir ki, guya mən onun evini satdırmışam. Əgər o pulu almışamsa deyərəm ki, almışam. Onun fikri nədir onu da bilmirəm".
Sabir Əliyev 2000-ci ildə Türkiyəyə köçərək orada yaşayıb, amma bir neçə il bundan əvvəl Azərbaycana qayıdaraq Qaradağ rayonunda yerləşən ticarət mərkəzlərindən birində işləməyə başlayıb.
Tanınmaması üçün isə özünü hamıya Türkiyə vətəndaşı Adəm kimi təqdim edib.
Sabir Əliyev - Saxlanılan şəxs: "Mənim köhnə şərikim öz adına vizitkart buraxmışdı. Elə o zamandan qalıb. Malların çoxu da onun idi".
Saxlanılan şəxs barədə Sumqayıt şəhər polis idarəsinə toplanan materiallar araşdırılması üçün Qaradağ rayon prokrorluğuna göndərilib.