Dünən Unikal.org-da saat 23:00 radələrində "Ağır Atletika Federasiyasında növbəti dopinq qalmaqalı - İdmançını qovdular başlıqlı yazı dərc edilib. Xəbər saytda yayımlandıqdan sonra Ağır Atletika Federasiyasının rəhbəri Tofiq Heydərov və onun adamları Unikal.org-un idman yazarı Aygün İlqarqızını sosial şəbəkələrdə təhqir edərək hədələyiblər.

Unikal.org xəbər verir ki, Tofiq Heydərov əvvəlcə Aygün İlqarqızı ilə bağlı facebook səhifəsində bəyanat yerləşdirib və bundan sonra özü də daxil olmaqla, xanım jurnalistimiz barəsində hədə və təhqirlərlə dolu fikirlər yazıblar. Bu azmış kimi, T.Heydərov xanım jurnalistimizin övladı ilə olan şəkilini də "facebookda paylaşıb. Xanım jurnalistimiz məsələ ilə bağlı Tofiq Heydərova iradını bildirsə də o, hələ də paylaşdığı fotonu facebook səhifəsindən silməyib.

Tofiq Heydarovun və adamlarının Aygün İlqarqızı ilə bağlı yazdığı bir neçə statusunu da sizlərə təqdim edirik:

"AAAF bizim ailəmizdi, bizim ailə haqqında heç kəsin bələ çirkin yazılar yazmağa ixtiyarı yoxdur. Eger bizim idmançılardan hansısa jurnalist qızlarımızdan birinin, ferqi yoxdur düz və yalan yazı yazsaydı, biz özümüz onu aramızdan birdəfəlik silərdik. Siz bu yazılarınıza görə, Ermənistanın Ağır Atletika Federasiyasına mətbuat xidmətinin rəhbəri götürərdilər.

Reshad Qadashov adlı bir şəxs isə Tofiq Heydərovun statusunun altında belə yazıb: "Şərəfsiz jutnalistlərə ar olsun...

Ağır Atletika Federasiyasında hakim vəzifəsində çalışan Rasim Orucov isə belə yazıb: "Bu qız başdan ayağa anonimdi. Sağ əli yazır, sol əli isə imza atır. Bilmirəm kimdən alıb? Amma yaxşı və xeyirli işləri də öyrənə bilərdi. Deyəsən, bunun taleyinə də belə yazılıb. Deyiblər ki, sən ancaq pislik elə, o da onu edir və heç vaxt yaxşılıq gəlməz bunun əlindən.



Aygün İlqarqızı isə bildirib ki, Azərbaycanda söz və mətbuat azadlığı var. Amma təəssüf ki, nədənsə Tofiq Heydərov bu azadlığa biganə yanaşır və təmsil etdiyi təşkilat, rəhbərlik etdiyi "AAAF Park barəsində hansısa jurnalist nəsə yazanda təcili məhkəmə ilə hədələyir. Hazırda Tofiq Heydərovun rəhbəri olduğu şirkət əsası olmadan 30 yaxın media orqanına qarşı "səlib yürüşü etməklə onları məhkəməyə verib. Qoy versin və görək o, adam bu addımı ilə nəyə nail olacaq! Təmsil etdiyi hər iki qurumda ciddi problemlərin olması da özü ilə yanaşı, heç kəsə də sirr deyil. Mənə elə gəlir ki, Tofiq Heydərov bu sıxıntılardan sığortalanmaq üçün mətbuata "müharibə elan edib. Azərbaycanda söz və mətbuat azadlığına inanaraq hesab edirəm ki, sonda mediamız qalib gələcək.

Sonda müəllifi olduğum məqaləyə gəldikdə isə jurnalist "Ağır Atletika Federasiyasında növbəti dopinq qalmaqalı - İdmançını qovdular başlığı ilə yazım etibarlı mənbəyə əsaslanaraq yazılıb. Məqaləmdə heç bir problem görmürəm. Sonda barəmdə Tofiq Heydərov və onun adamlarının təhqir və hədələri ilə davam edərsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəm!.

Amid Əyyuboğlu