Yanvarın 24-də Bakı şəhər prokurorluğunda geniş kollegiya iclası keçirilib. 

Baş Prokurorluqdan Unikal.org-a verilən məlumata görə, iclasda məruzə ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, hesabat dövründə hesabat dövründə 2016-cı illə (11940) müqayisədə 182 fakt artaraq 12122 hadisə qeydə alınıb, onların açılma faizi 4,1% artaraq 80%, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 120 hadisə və ya 3,4% azalaraq 1890 olub. 2016-cı illə müqayisədə hesabat ilində qəsdən adam öldürmə cinayətlərinin sayı 3 fakt azalaraq 59 olub, həmin hadisələrdən 1-i istisna olmaqla, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin və 38 qəsdən adam öldürməyə cəhd cinayətinin hamısının açılması təmin edilib. 2017-ci ildə 2016-cı ilə nisbətən 13 quldurluq hadisəsi az baş verməklə, hadisələrin sayı 68 olub, onlardan 8-i bağlı qalıb.

Ölümlə nəticələnən 203 yol-nəqliyyat hadisəsi qeydə alınıb və həmin hadisələrdən 1-i bağlı qalıb. Şəhərin prokurorluq orqanlarının icraatında olmuş 1047 işdən 563-ü, daxili işlər orqanlarının istintaq şöbələrinin icraatında olan 14432 cinayət işindən 5003-nün istintaqı tamamlanıb. Hesabat dövründə baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən şəhər prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 2 milyon 437 min manat maddi ziyandan 18,1%-i, yəni 443 min manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 30 milyon 194 min manat maddi ziyandan 85,7%-i, yəni 25 milyon 880 min manatı istintaq zamanı ödətdirilib. Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı yol verilmiş nöqsanlar da diqqətə çatdırılıb. Bildirilmişdir ki, quldurluq cinayətlərinin sayının azalmasına baxmayaraq onlardan 8 cinayət faktının, bağlı qalmış 1 qəsdən adam öldürmə cinayətlərinin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, cinayət nəticəsində vurulmuş ziyanın istintaq zamanı ödətdirilməsi sahəsində dönüş yaradılmasının zəruriliyi vurğulanıb. İstintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları, süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil edilib onların aradan qaldırılması tələb edilib.