"Ərəb baharı" ölkələri hara gedir?
11:41 18-09-2012
DÜNYA
"Ərəb baharı" ölkələri hara gedir?
Diktatorların devrilməsindən sonraya təsadüf edən "film üsyanlarının pərdəarxası
Orta Şərqdə və Şimali Afrikada islam peyğəmbərini təhqir edən "Müsəmanların günahsızlığı" adlı film əleyhinə reaksiyalar, zorakılıq xarakteri alıb. Belə ki, bu yaxınlarda Liviyanın Benqazi şəhərindəki ABŞ konsulluğuna hücum nəticəsində, ABŞ-ın Liviyadakı səfiri Kris Stivens və digər 3 səfirlik əməkdaşı öldürüldü.
Həmçinin Misir və Yəməndə ABŞ səfirliklərinə təşkil edilən hücumlar, bu ölkənin diplomatlarının ölümü ilə nəticələnməsə də, bu faktlar regiondakı gərginliyi artırıb.
Dini və siyasi məqamlar
İslam peyğəmbərini təhqir edən və minlərlə insanın etirazına səbəb olan "Müsəlmanların günahsızlığı" filminin rejissoru Sam Basil etiraf edib ki, film siyasi məqsədlər üçün çəkilib.
Əslən yəhudi olan ABŞ vətəndaşı Sam Bacilenin sözlərinə görə, filmi hazırlamaq üçün ona, 100 israilli iş adamından 5 milyon ABŞ dolları məbləğində pul ödənilib. Rejissor bu filmin israilli iş adamlarının sifarişi olduğunu deyib.
ABŞ-ın müsəlman ölkələrindəki səfirliklərinə hücumların səbəblərini və maraqlı tərəflərini araşdırarkən, iki məqama diqqət yetirməyi lazım bildik: dini və siyasi.
Müsəlmanlar
terrorçu obrazında
ABŞ səfirliklərinə hücumların 11 sentyabr 2001-ci ildə baş verən terror aktının ildönümündə təşkil edilməsi, müəyyən məsələlərə aydınlıq gətirib. Sözügedən terror aktından sonra, xristian dünyasında geniş islamafobiya hərəkatı başlanıb. İslama xüsusi nifrəti olan dairələr bu məsələdən istifadə etməyə çalışdılar və müəyyən dərəcədə buna nail ola bildilər. Məscidlərə hücumlar təşkil olundu, Məhəmməd peyğəmbər və islam dininin digər müqəddəs şəxsləri karikaturalarla təqdim edildi, müsəlmanlar vəhşi kimi qələmə verildi.
İslamın terrorla əlaqəsi barədə fikirlər genişləndi. Tuluzada yəhudi məktəbinə hücum çəkərək, uşaqları qətlə yetirən müsəlman gəncin "aşkarlanması" və bunun fonunda Sarkozinin "müsəlman ovu"nun intensivləşdiməsi də əslində, bu istiqamətdə həyata keçirilən siyasətin davamı idi.
Müsəlmanların qanında aqressivlik və zorakılıq elementlərinin olmasını, 11 sentyabr ərəfəsində dünya ictimaiyyətinə xatırlatmaq lazım idi. "Film siyasi məqsədlər üçün çəkilib" - deyən rejissor Sam Basilin fikirləri bu baxımdan həqiqətəuyğundur. Yəni, islamın terrorla əlaqəsini, müsəlmanların aqressivliyini hər il 11 sentyabr ərəfəsində xatırlatmağa ehtiyac var. Heç də təsadüfi deyil ki, qalmaqallı filmin rejissoru islam dünyasından belə bir reaksiyanı gözlədiyini etiraf edib.
Müsəlman ölkələrində
idarəolunan xaos
yaratmaq istəyirlər?
Siyasi elmlər doktoru Elman Nəsirli bu qənaətdədir ki, müəyyən dairələr islam dünyasının aqressiv xarakterli olması ilə bağlı, Qərbdə formalaşan fikirləri daha da dərinləşdirmək xətti götürüblər: "Onlar çalışır ki, müsəlman dünyasında idarəolunan bir xaos vəziyyəti yaratsınlar. Nəticədə səfirliklərə hücumlar edilir, diplomatlar öldürülür. Nəhayət, müsəlmanların vəhşi, terrorçu obrazının yaradılması üçün bu hadisələrdən istifadə edilir. 11 sentyabr hadisələrindən sonra, müsəlmanlara hansı davranışların sərgiləndiyi hamıya məlumdur. Terror aktının ildönümü ərəfəsində, islam dünyasını zorakılığa meyilli olmaqda ittiham etmək üçün bu oyunlara əl atırlar".
Liviya, Misir və Yəməndə ABŞ səfirliklərinə edilən hücumun, islamçı radikal qruplar tərəfindən həyata keçirildiyi bildirilir. Hücumların arxasında hansı dairələrin dayandığı konkret məlum olmasa da, daha çox diqqətdə olan versiya-islamçı terror təşkilatları, yaxud da konkret olaraq ABŞ-ın "şər üçbucağı"na daxil etdiyi İran və Suriyadır. Heç də təsadüfi deyil ki, diplomatik korpuslara edilən hücumlardan sonra, bunu kim etdi" sualına dərhal cavab tapılır: "Müsəlmanlar".
Nəticədə, beynəlxalq aləmdə antiislam bir ovqat yaratmaq, eyni zamanda bundan yararlanmaq, hazırda aparılan oyunun tərkib hissəsidir.
Məqsəd - islamı
gözdən salmaqdır
Orta Doğu Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan da hesab edir ki, hücumların arxasında hansı qüvvələrin dayanmasından asılı olmayaraq, əsas məqsəd müsəlmanları zorakılığa təhrik etmək və onların radikal imicini yaratmaqla, islamı nüfuzdan salmaqdır. İslama qarşı mübarizə aparan dairələr yaxşı başa düşür ki, bu cür filmlərin istehsala buraxılması islam dünyasını asanlıqla qıcıqlandırır və onları terrora əl atmağa vadar edir.
Etiraf edək ki, Qərb dünyasında ciddi islamafobiyanın kök atmasına, müxtəlif antiislam addımlara baxmayaraq, nəticələr Qərbin istədiyi kimi deyil. İslam dini elmi şəkildə dünyada təbliğ olunur və sürətlə yayılır, Qərb ölkələrində islam dininin daşıyıcıları olan mühacirlər də getdikcə çoxluq təşkil edir.
Məlumdur ki, əhalinin azalma prosesini yaşayan Avropa illər keçdikcə, daha çox xarici işçi qüvvəsinə ehtiyac duyur. Bu miqrantlar isə əsasən, müsəlman ölkələrindən axın edir. Müsəlmanların qitəyə axınını qarşısını almaq üçün, bəzi Avropa ölkələrində müxtəlif qanunlar qəbul edilib.
ABŞ-la toqquşan
maraqlar
Hadisələrdən sonra ABŞ belə bir bəyanat verdi ki, hücumların planlaşdırılması ehtimalını araşdırır. İndiki halda isə bu hadisələrin arxasında kimlərin dayandığını konkret demək olmaz, amma hücumların qəsdən planlaşdırıldığı istisna olunmur.
"Ərəb baharı" adlandırılan prosesin nəticəsi olaraq, inqilabın baş verdiyi ölkələrdə yenə də islamçı qüvvələr hakimiyyətə gəldi. Bununla belə, həmin hökumətlər ABŞ başqa olmaqla, Qərb ölkələri üçün qorxu törətmir. Bu baxımdan Misir prezidenti Məhəmməd Mursinin İranda keçirilən Qoşulmama Hərəkatının zirvə toplantısında Bəşəd Əsəd rejimini tənqid edərək, Qərbin yanında yer alması diqqətdən qaça bilməz.
Bir neçə gün əvvəl isə Misir prezidenti Məhəmməd Mursi Avropaya səfər edərək ölkəsinə sərmayələrin cəlb olunması, Misirin Avropa ölkələri münasibətlərinin yaxşılaşdırılması istiqamətində danışıqlar aparıb.
Təbii ki, həm Misirin, həm də hakimiyyət dəyişikliyi baş verən digər ərəb ölkələrinin Qərblə yaxınlığı, regionda maraqları olan digər dövlətlər tərəfindən isti qarşılana bilməz.
"Ərəb baharı"ndan sonra iqtisadiyyatında ciddi geriləmələrin müşahidə edildiyi, ərəb ölkələrinin böyük investisiya qoyuluşlarına ehtiyacı var.
Politoloq Sədrəddin Soltan hesan edir ki, səfirliklərə hücumların arxasında ABŞ-ın regionda varlığını istəməyən dairələrin, bu ölkələrdə yeni hakimiyyətə gələn qüvvələrlə, ABŞ arasında etimadsızlıq mühiti yaratmaq istəyi də dayana bilər. Politoloq qeyd edib ki, ABŞ səfirliklərinə hücumların təşkili, həm də Misir, Liviya və Yəmən hakimiyyətlərinin öz dövlətlərini idarə etmək gücündə olmaması təəssüratını yaratmaq üçündür: "Aydın məsələdir ki, siyasi sabitlik olmayan, iğtişaşlarla dolu ölkəyə sərmayə qoymaq kimsənin marağında deyil. Bu hücumların arxasında dayanan qüvvələr, Qərb ilə ərəb ölkələrində hakimiyyətə gələn qüvvələrin yaxınlaşmasını istəmir".
İnqilab öz
övladlarını yeyir?
ABŞ səfirliklərinə hücumlarda yeni bir tendensiya müşahidə olunur. "Ərəb baharı"nda ABŞ başda olmaqla, Qərb dövlətlərinin fəallığı nəzərə çarpırdısa, indiki vəziyyətdə isə inqilab edən və o zaman Qərbdən dəstək alan qüvvələr, ABŞ səfirliyinə qarşı hücumlar təşkil edir.
Elman Nəsirli ərəb tarixinin bu mərhələsini "inqilabın öz övladlarını yeməsi" mərhələsi adlandırıb. Son hadisələri "Ərəb baharı"nın məntiqi nəticəsi sayan müsahibimiz prosesləri idarəolunan hesab edir: "İlk baxışdan hücumlar xaotik göründə də, əslində o idarə olunur. Bütövlükdə Şimali Afrika və Yaxın Şərq regionu üzərində, çox böyük təhlükə var. Körfəz ölkələri ciddi şəkildə silahlanmağa başlayıblar. Külli miqdarda silah alınırsa, təbii ki, istifadə olunmalıdır. Sadəcə, prosesin işə düşməsi üçün bir bəhanə lazımdır. Son hadisələlər də sanki daha gərgin proseslərin proloqudur".
Ömər Əmirov
Digər Xəbərlər
2024-12-23 11:27:07
2024-12-23 11:13:10
2024-12-23 11:03:00
2024-12-23 10:55:05
2024-12-23 10:38:08
2024-12-23 10:36:05
2024-12-23 10:10:44
2024-12-23 09:41:00
2024-12-23 09:23:00
2024-12-23 09:12:00
2024-12-23 09:03:00
2024-12-23 01:02:15
2024-12-23 00:49:48
2024-12-23 00:05:51
2024-12-22 23:46:19
2024-12-22 23:16:06
2024-12-22 23:04:06
2024-12-22 22:38:27
2024-12-22 22:21:00
2024-12-22 22:12:28