Azərbaycanda daha 3 idmançı dopinqdə "ilişib".

Unikal.org  Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən xəbər verir ki, onlar arasında güləşçilər Cəlal Süleymanov və Umar İsrailov, eləcə də velosipedçi Qadir Mustafayev də var.

Bütün idmançılardan nümunələr götürülüb. Onlar alınmış nümunələrdədə qadağan edilmiş maddə və ya onun Metabolit, yaxud Markerlərinin mövcudluğu aşkarlanıb. 

C.Süleymanovun cəzası bununla bitmir. O əlavə olaraq, diskvalifikasiya zamanı iştiraka qarşı qadağanın pozulmasına görə sanksiya ilə qarşılaşıb. Onun orqanizmində oksandrolon metaboliti maddəsi tapılıb və 18 yanvar 2018-ci ildən 96 aylıq - 18 yanvar 2026-cı ilə qədər cəzalanıb.

U.İsrailovda drostanolon metaboliti maddəsi tapılıb və 48 aylıq diskvalifikasiya olunub. Onun cəzası 28 mart 2018-ci ildən hesablanacaq.

Orqanizmində metamfetamin (D-) maddəsi aşkarlanan Q.Mustafayevin cəzası isə 48 ay olaraq göstərilib. Onun cəzası 19 noyabr 2018-ci ildən qüvvəyə minib.

Unikal.org-un AGF-dən əldə etdiyi məlumata görə, güləşçilərdən dopinq üçün test ötən il alınıb. Onlardan Umar İsrailov karyerasını başa vurmaq üzrədir. Adıçəkilən güləşçilərdən heç biri yğma komandanın üzvləri deyil. 

Qeyd edək ki, AMADA bunadək dopinqdən istifadəyə görə 39 idmançıya sanksiya tətbiq edib.